
İran İslam İnqilabı Keşikçiləri Korpusunun Mərkəzi “Xatəmül-Ənbiya” Qərargahı bəyanat yayaraq İranın bloklanmış aktivləri hesabına hər hansı vəsait əldə edən ölkə və şirkətlərin Hörmüz boğazından istifadəsinə icazə verilməyəcəyini açıqlayıb.
APA-nın Tehran bürosunun məlumatına görə, bəyanatda qeyd olunub ki, ABŞ Prezidenti Donald Tramp İran əleyhinə addımların davamı olaraq, İranla müharibə zamanı ABŞ ordusunun yaratdığı təhlükəsizlik problemi və Hörmüz boğazının cənubundakı qeyri-qanuni və təhlükəli marşrutdan istifadə nəticəsində zərər görən gəmilərin itkilərinin ABŞ-da dondurulmuş İran aktivləri hesabına ödəniləcəyini bəyan edib.
“Xatəmül-Ənbiya” Qərargahı ABŞ prezidentini bu addımın nəticələri barədə xəbərdar edərək bildirib ki, Trampın təklifini dəstəkləyən və İranın bloklanmış aktivlərindən istifadə edən bütün ölkə və şirkətlərin gəmilərinin Hörmüz boğazından keçidinə İran Silahlı Qüvvələri tərəfindən bundan sonra icazə verilməyəcək.