• 24 °C
|

ABŞ-da “Google”, “OpenAI” və “SpaceXAI” şirkətlərinə qarşı məhkəmə iddiası qaldırılıb

19 Sentyabr 2026
img

ABŞ-də bir qrup iddiaçı “Anthropic”, “Google”, “OpenAI” və “SpaceXAI” şirkətlərini süni intellektin inkişaf tempini azaltmaq məqsədilə sövdələşməkdə ittiham edərək məhkəməyə müraciət edib.

APA xəbər verir ki, iddia Kaliforniya ştatının Şimal Dairəsi üzrə federal məhkəməsinə təqdim olunub.

Məhkəmə sənədlərində iddiaçıların dörd süni intellekt şirkətinin istehlakçılara təqdim etdiyi rəqabətqabiliyyətli məhsulların təkmilləşdirilməsi sürətini azaltmaq barədə razılığa gəldiklərini iddia etdikləri bildirilir.

İddiaçılar “Anthropic” şirkətinin rəhbəri Dario Amodeinin qabaqcıl süni intellekt modellərinin inkişaf tempinin azaldılmasının zəruriliyi barədə məqalə dərc etməsindən sonra “SpaceXAI”ın təsisçisi İlon Mask, “OpenAI”ın baş direktoru Sem Altman və “Google DeepMind”ın həmtəsisçisi Demis Hassabisin də oxşar mövqe nümayiş etdirdiklərini əsas gətiriblər.

İddiaçıların fikrincə, şirkətlər arasında olduğu iddia edilən razılaşma süni intellekt modellərinin inkişafı, məhsulların keyfiyyəti, innovasiyalar, investisiyalar, istehsal və yeni imkanların bazara çıxarılması müddətləri üzrə rəqabəti məhdudlaşdırır.

İddiaçıların maraqlarını “Trial Lawyers for Justice” hüquq şirkəti təmsil edir.

Dario Amodei sentyabrın 12-də qabaqcıl süni intellekt modellərinin inkişaf tempinin azaldılmasına çağıran məqalə dərc edib. O bildirib ki, koordinasiya edilmiş şəkildə inkişaf tempinin aşağı salınması şirkətlərə modellərin kritik inkişaf səviyyəsinə çatmasından əvvəl əlavə bir-iki il vaxt qazandıra və ciddi səhvlərin qarşısını almağa imkan verə bilər.

Sem Altman isə daha sonra insan nəzarətindən çıxa biləcək süni intellektin yaradılması ehtimalını istisna etməyib.