• 25 °C
|

Azad edilmiş ərazilərdə 106 yaşayış məntəqəsi və kənd üzrə planlaşdırma sənədləri hazırlanıb

26 Sentyabr 2026
img

Azərbaycanda azad edilmiş ərazilərin inteqrasiya olunmuş planlaşdırma çərçivəsi təxminən 13 600 kvadrat kilometr ərazini əhatə edir.

APA xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən “Yaranan investisiya istiqamətləri: Daşınmaz əmlak, turizm və şəhərsalma” mövzusunda sessiyada çıxışı zamanı deyib.

O bildirib ki, azad edilmiş ərazilərdə 12 şəhərin hamısı üzrə baş planlar hazırlanıb, 106 yaşayış məntəqəsi və kənd üzrə isə planlaşdırma sənədləri hazırlanıb.

“Biz sadəcə infrastrukturu və yaşayış məntəqələrini yenidən qurmuruq. Müasir nəqliyyat əlaqələri, sosial infrastruktur və bərpaolunan enerji potensialı ilə dəstəklənən yeni şəhər və iqtisadi mərkəzlər yaradırıq”, – Anar Quliyev bildirib.

Komitə sədri qeyd edib ki, azad edilmiş ərazilərin inkişafında şəhərsalma nəqliyyat, bağlantı, iqtisadi fəaliyyət, ətraf mühitin idarə edilməsi, enerji sistemləri, sosial infrastruktur və demoqrafik inkişafla birlikdə planlaşdırılır.

Onun sözlərinə görə, hazırda azad edilmiş ərazilər yeni avtomobil yolları, dəmir yolları və hava limanları vasitəsilə bir-birinə və ölkənin digər bölgələrinə bağlanır.

Anar Quliyev vurğulayıb ki, region “yaşıl enerji” zonası kimi müəyyənləşdirilib.

“Bu, yalnız yenidənqurma və daşınmaz əmlak sektorunda deyil, həmçinin bərpaolunan enerji, turizm, qonaqpərvərlik, logistika, sənaye və müasir şəhər inkişafı sahələrində imkanlar yaradır”, – o qeyd edib.

Komitə sədrinin sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurun inkişafı icmalar, iqtisadi mərkəzlər və bazarlar arasında əlaqələri gücləndirməklə Azərbaycanın regional bağlantı və investisiya mərkəzi kimi roluna da töhfə verir.

Anar Quliyev azad edilmiş ərazilərin inkişafının Azərbaycanın şəhərsalma və ərazi inkişafında yeni mərhələ olduğunu vurğulayıb.