• 21 °C
|

Niderlandda məcburi hərbi xidmətin bərpasına qarşı ümummilli tətil keçiriləcək

28 Sentyabr 2026
img

Niderlandda hökumətin məcburi hərbi xidmətə çağırışı bərpa etmək planlarına etiraz olaraq noyabrın 20-də gənclərin ümummilli tətili keçiriləcək.

Bu barədə NOS telekanalı məlumat yayıb.

Məlumata görə, aksiyanın təşkilatçıları bir neçə pasifist birlik olacaq. Onlar Niderland hakimiyyətinin ordunun şəxsi heyətinin sayının artırılması və hərbi büdcənin genişləndirilməsi də daxil olmaqla, hərbiləşmə istiqamətində həyata keçirdiyi siyasətə qarşı çıxırlar.

Telekanal hələlik planlaşdırılan tətilin hansı formada keçiriləcəyi barədə ətraflı məlumat verməyib.

Qeyd edək ki, Niderlandda hərbi mükəlləfiyyət formal olaraq ləğv edilməyib və 17–45 yaş arasında olan həm kişilərə, həm də qadınlara şamil edilir. Bununla belə, məcburi müddətli hərbi xidmət 1997-ci il mayın 1-dən dayandırılıb.

Sentyabrın 11-də Niderland Müdafiə Nazirliyi silahlı qüvvələrin şəxsi heyətlə komplektləşdirilməsi üzrə yeni plan təqdim edib. Plana əsasən, ordunun şəxsi heyətinin formalaşdırılmasında könüllülük prinsipi hələlik əsas olaraq qalır. Bununla yanaşı, 18–27 yaş arasında olan gənclər üçün məcburi xarakter daşıyan tədbirlərin mərhələli şəkildə genişləndirilməsi nəzərdə tutulur.

Bu tədbirlərə məcburi anket doldurulması, müsahibədə iştirak, seçim mərhələsindən və tibbi müayinədən keçmək daxildir.

Hökumətin qiymətləndirməsinə görə, beynəlxalq vəziyyətin kəskin şəkildə pisləşəcəyi və silahlı qüvvələrin şəxsi heyətinin sayının sürətlə artırılmasına ehtiyac yaranacağı təqdirdə, son tədbir kimi seçmə qaydada məcburi hərbi xidmətə çağırış tətbiq oluna bilər.

Bu tədbirlərin həyata keçirilməsi üçün qanunvericiliyə dəyişiklik edilməsi tələb olunur. Müdafiə Nazirliyinin hesablamalarına əsasən, müvafiq qanunvericilik dəyişikliklərinin hazırlanması ən azı iki il çəkəcək.