• 20 °C
|

Husilər Səudiyyə Ərəbistanının enerji obyektlərinə və hava limanlarına zərbələr endirdiklərini açıqlayıblar

11 Oktyabr 2026
img

Yəmənin “Ənsar Allah” hərəkatı (husilər) Səudiyyə Ərəbistanının şərqində yerləşən “Saudi Aramco” şirkətinin enerji obyektlərinə, eləcə də Ər-Riyad və Dammam şəhərlərindəki hava limanlarına raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirdiyini bəyan edib.

APA xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Səriya “Telegram” kanalında açıqlama yayıb.

“Son 24 saat ərzində Yəmən Silahlı Qüvvələri ballistik və qanadlı raketlərdən, həmçinin pilotsuz uçuş aparatlarından istifadə etməklə dörd genişmiqyaslı əməliyyat həyata keçirib”, – o bildirib.

Səriyanın sözlərinə görə, hücumların hədəfi Səudiyyə Ərəbistanının Şərq əyalətində yerləşən “Saudi Aramco” şirkətinə məxsus Şedqam qaz emalı zavodu və Tanacib neft obyekti olub.

Husi nümayəndəsi iddia edib ki, zərbələr nəticəsində hər iki obyektdə güclü yanğınlar baş verib.

Bundan başqa, husilər Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına və Dammamdakı Kral Fəhd Beynəlxalq Hava Limanına da hücum etdiklərini açıqlayıblar.

Səriya iddia edib ki, hücumlar nəticəsində hər iki hava limanında uçuşların həyata keçirilməsi dayandırılıb, Ər-Riyad hava limanı isə tamamilə bağlanıb.

Husilərin hücumların nəticələri ilə bağlı açıqlamalarının müstəqil təsdiqi barədə məlumat verilməyib.