• 20 °C
|

Ramiz Mehdiyev YAP-dan çıxarılıb, təltiflərindən məhrum edilməsi təklif olunub – YENİLƏNİB-4

17 Oktyabr 2026
img

Yerli təşkilatlar tərəfindən keçirilən müşavirələrdə bir sıra ağır cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin partiya sıralarından xaric edilməsi və onun bütün dövlət təltiflərindən məhrum edilməsi tələbləri irəli sürülüb, yerli təşkilat sədrlərindən bu məsələnin partiya rəhbərliyi qarşısında qaldırılması xahiş olunub.

YAP Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bunu Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov partiyanın İdarə Heyətinin VIII Qurultayda seçilmiş tərkibdə ilk iclasında bildirib.

Qeyd edilib ki, çoxsaylı müraciətlər nəzərə alınaraq bu məsələ İdarə Heyətinin iclasına təqdim olunub.

YAP Sədrinin müavini Əli Əhmədov, İdarə Heyətinin üzvləri Elmar Qasımov, Eldar İbrahimov, Hikmət Məmmədov, Mübariz Qurbanlı, Bahar Muradova, Anar İsgəndərov, Musa Quliyev və Ziyafət Əsgərov çıxış edərək qatıldıqları müşavirə və digər tədbirlərdə bu məsələnin geniş ictimai rezonans doğurduğunun şahidi olduqlarını, dövlətə xəyanətə, hakimiyyəti qeyri-qanuni yollarla ələ keçirməyə və digər bir sıra cinayət əməllərinə görə təqsirləndirilən Ramiz Mehdiyevin Yeni Azərbaycan Partiyasının sıralarında təmsil olunmağa artıq mənəvi-siyasi haqqının çatmadığını, onun partiya üzvlüyündən xaric olunmasına tərəfdar olduqlarını vurğulayıblar. Müzakirələrdən sonra Ramiz Ənvər oğlu Mehdiyevin Yeni Azərbaycan Partiyasının üzvlüyündən xaric olunması barədə yekdilliklə qərar qəbul olunub, onun bütün dövlət təltiflərindən məhrum edilməsi ilə bağlı aidiyyəti üzrə vəsatətin qaldırılması məqsədəuyğun hesab edilib.

***

16 oktyabr, saat 17.51

Yeni Azərbaycan Partiyası Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum olunmasını təklif edib.

APA xəbər verir ki, İdarə Heyətinin bu gün keçirilən iclasında partiya adından belə bir təşəbbüslə çıxış edilib.

***

16 oktyabr, saat 16.57

Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarılıb.

APA xəbər verir ki, bu barədə YAP İdarə Heyətinin iclasında qərar qəbul edilib.

***

16 oktyabr, saat 16.54

Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının yeni tərkibi formalaşıb.

APA xəbər verir ki, Ramiz Mehdiyev Veteranlar Şurasının yeni tərkibində yer almayıb.

***

16 oktyabr, saat 16.45

Bu gün Yeni Azərbaycan Partiyası İdarə Heyətinin iclası keçirilir.

APA-nın xəbərinə görə, bu, partiyanın VIII Qurultaydan sonra ilk iclasıdır.