• 18 °C
|

Ümumdünya Meteorologiya Təşkilatı: Qlobal istiləşmə 2,8 dərəcəyə çata bilər

28 Oktyabr 2026
img

"Ümumdünya Meteorologiya Təşkilatının məlumatına görə, mövcud iqlim siyasətləri davam edərsə, qlobal istiləşmənin sənayeləşmədən əvvəlki səviyyə ilə müqayisədə 2,8 dərəcə Selsiyə çatacağı gözlənilir".

“APA-Economics” xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisinin Ofisinin iqtisadi məsələlər üzrə məsləhətçisi Xurşid Rüstəmov “9-cu Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqu” tədbiri zamanı “NDC 3.0-a doğru: Qlobal İqlim Fəaliyyəti” mövzusunda təqdimatında bildirib.

Onun sözlərinə görə, qəbul edilmiş 155 ölkənin yeni NDC-ləri tam həyata keçirilərsə, dünya emissiyaların azaldılmasına və qlobal istiləşmənin 2.3 – 2.5 dərəcə Selsiyə endirilməsinə nail olacaq:

“Lakin bu, Paris Sazişinin məqsədinə çatmaq üçün kifayət deyil, çünki Sazişin məqsədi istiləşməni 1.5 dərəcə Selsidə məhdudlaşdırmaqdır. Burada iki əsas boşluq var: ambisiya boşluğu və icra boşluğu. Ambisiya boşluğu NDC-lər çərçivəsində müəyyənləşdirilən hədəflərin Paris Sazişinin məqsədlərinə çatmaq üçün yetərli olmamasıdır. İcra boşluğu isə qarşıya qoyulan hədəflərə çatmaq üçün həyata keçirilən siyasətlərin kifayət etməməsidir. Bəs 2035-ci il emissiya hesablamaları bizə nə deyir? NDC-lərin cari səviyyəsinin 2030-cu ilə qədər emissiyaları 2019-cu ilin səviyyələri ilə müqayisədə 12% azaldacağı gözlənilir. Paris Sazişinin digər hədəfi olan 2 dərəcə Selsi yolu üçün 2035-ci ilə qədər emissiyaları 2019-cu il səviyyələrinə nisbətən 35% azaltmalıyıq. 1.5 dərəcə Selsi yolu üçün isə emissiyalar 55% azaldılmalıdır. Fərq olduqca böyükdür və məhz buna görə də BMT agentlikləri ölkələrə güclü çağırış edərək onları NDC-lərində ambisiyaları artırmağa səsləyir”.