• 20 °C
|

Kamran Musayev: Məqsədimiz Azərbaycanda davamlı ürək transplantasiyası proqramının qurulmasıdır

31 Oktyabr 2026
img

Məqsədimiz Azərbaycanda davamlı ürək transplantasiyası proqramının qurulmasıdır.

APA xəbər verir ki, bunu Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin fəxri sədri, professor Kamran Musayev “Ürək transplantasiyası həftəsi” çərçivəsində keçirilən konfransda deyib.

O bildirib ki, Azərbaycanda səhiyyənin inkişafı ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət səhiyyə siyasətinin birbaşa nəticəsidir. Eyni zamanda, Birinci vitse-prezident Mehriban Əliyevanın səhiyyəyə göstərdiyi diqqət və qayğı nəticəsində Azərbaycan transplantasiya kimi tibbin və cərrahiyyənin ən mürəkkəb sahələrindən birində regionun lider dövləti kimi çıxış edir.

“Ötən bir ildə dörd xəstəyə ürək transplantasiyası əməliyyatı icra etdik. Azərbaycanın bu yoldakı səyahəti 1999-cu ildən başlayır. 26-27 illik hazırlıq dövründən sonra ötən il ilk dəfə fevral ayında qaraciyər transplantasiyası daha sonra isə oktyabr ayında ürək transplantasiyası ilə meyitdən orqan köçürülməsi prosesi real şəraitdə sınaqdan keçirildi. Düşünürəm ki, ölkəmizin keçdiyi hazırlıq mərhələsindən sonra ötən il biz bu imtahandan uğurla çıxa bildik.

İnanıram ki, bu gün burada toplaşanlar və burada olmayan onlarla gənc həmkarımız, gənc azərbaycanlılar bu işi davamlı ənənəyə çevirəcəklər. Bizim məqsədimiz ölkəmizdə davamlı ürək transplantasiyası proqramının qurulması idi. Bu günə qədər dörd xəstəyə əməliyyat icra etmişik. Həmin dörd xəstədə əməliyyatlar texniki baxımdan uğurla başa çatıb.

Ona görə də ümidlə inanıram ki, biz bunu ənənəyə çevirəcəyik və davamlı ürək transplantasiyası proqramı ölkəmizdə getdikcə daha geniş vüsət alacaq”.