
Noyabrın 5-də Azərbaycan Respublikasının Albaniyadakı Səfirliyinin və Korça Bələdiyyəsinin təşkilatçılığı ilə Korça şəhərində 8 Noyabr – Zəfər Günü münasibətilə muğam sənətinin zəngin ənənələrini əks etdirən konsert proqramı təqdim olunub.
APA xəbər verir ki, tədbirdə Korça bölgəsinin valise Florinda Zequllay, şəhərin meri Sotiraq Filo, regionun müxtəlif şəhər və rayonlarından olan yüksək vəzifəli şəxslər, akademik dairələrin təmsilçiləri və ziyalılar, mədəniyyət və incəsənət xadimləri, o cümlədən jurnalistlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə Azərbaycanın Albaniyadakı səfiri Anar Hüseynov çıxış edərək Azərbaycan xalqının Zəfər Gününün tarixi əhəmiyyətindən bəhs edərək, bu əlamətdar gün münasibətilə təbriklərini çatdırıb. Korça şəhərinin meri Sotiraq Filo da açılış nitqi ilə çıxış edərək tədbirin iki ölkə arasında mədəni əlaqələrin inkişafı baxımından əhəmiyyətini vurğulayıb.
Rəsmi hissədən sonra Azərbaycanın zəngin musiqi irsini əks etdirən muğam və xalq musiqisi nümunələri səsləndirilib. Konsert proqramı tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb. Konsertdən sonra Səfirlik tərəfindən qonaqların şərəfinə ziyafət təşkil edilib.
Tədbir RTSH Korça tərəfindən işıqlandırılıb, konsert haqqında televiziya reportajı hazırlanaraq yayımlanıb. Yerli ictimaiyyətin böyük marağına səbəb olan tədbirin iştirakçıları gələcəkdə də bu cür mədəni proqramların təşkil olunması arzusunu ifadə ediblər.