
Yəmənin “Ənsar Allah” hərəkatına bağlı husilər Səudiyyə Ərəbistanının ərazisində dörd obyektə, o cümlədən paytaxt Ər-Riyadda yerləşən hədəflərə zərbələr endirdiklərini iddia ediblər.
APA xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Səriyə məlumat yayıb.
Onun sözlərinə görə, Ər-Riyaddakı maliyyə mərkəzi və Kral Xalid Beynəlxalq Hava Limanı, ölkənin şərqindəki Cübeyl şəhərində yerləşən “Sadaf” neft-kimya şirkəti, həmçinin cənubdakı Xamis-Müşeyt şəhərində yerləşən aviabaza hədəfə alınıb.
Səriyə xarici şirkətləri və investorları Səudiyyə Ərəbistanını dərhal tərk etməyə çağırıb.
“Bütün investisiya şirkətlərini və investorları Səudiyyə Ərəbistanını dərhal tərk edərək təhlükəsiz ölkələrə köçməyə çağırırıq. Məkkə və Mədinə istisna olmaqla, Səudiyyə Ərəbistanı təhlükəsiz deyil”, – deyə o bildirib.
Səudiyyə Ərəbistanı rəsmilərinin hücumların nəticələri ilə bağlı açıqlaması barədə məlumat yoxdur. Husilərin iddiaları müstəqil şəkildə təsdiqlənməyib.