
Avropa ölkələri Baltik dənizi regionunda vəziyyətin gərginləşməsində maraqlı deyil.
APA xəbər verir ki, bunu Almaniya Kansleri Fridrix Merz Berlində NATO-nun Baş katibi Mark Rütte ilə birgə mətbuat konfransında bildirib.
“Biz hamımız Baltik dənizi regionunda eskalasiyanın baş verməsində maraqlı deyilik. Bu məkanın sabitliyi və təhlükəsizliyi böyük əhəmiyyət daşıyır”, – deyə Merz vurğulayıb.
Kansler xüsusilə dənizdə sərbəst gəmiçiliyin təhlükə altına düşməməsinin vacibliyini qeyd edib.
Onun sözlərinə görə, bu həftə Brüsseldə keçiriləcək Avropa İttifaqı sammitində NATO-nun şərq cinahının müdafiə qabiliyyətinin gücləndirilməsi məsələləri müzakirə olunacaq.
Merz bildirib ki, müzakirələr yalnız Polşa və Cənubi Avropa ölkələrinin sərhədlərini deyil, Finlandiyanın təhlükəsizliyini də əhatə edəcək.