|

ABŞ Milli Təhlükəsizlik Agentliyi məxfi şəbəkəsində nasazlıq yarandığını təsdiqləyib – YENİLƏNİB

18 Noyabr 2026
img

ABŞ Milli Təhlükəsizlik Agentliyi (NSA) daxili kompüter şəbəkəsinin fəaliyyətində texniki nasazlıq yarandığını təsdiqləyib.

APA xəbər verir ki, bu barədə agentliyin yaydığı rəsmi açıqlamada bildirilib.

“Milli Təhlükəsizlik Agentliyi planlı texniki xidmət zamanı qapalı daxili kompüter şəbəkəsinin fəaliyyətində müvəqqəti problemlərlə üzləşib”, – açıqlamada qeyd olunub.

Agentliyin məlumatına görə, nasazlıq bəzi daxili sistemlərə təsir göstərsə də, qurumun əsas funksiyalarının icrası üçün kritik əhəmiyyət daşıyan vasitələr tam işlək vəziyyətdədir.

NSA milli təhlükəsizliyin təmin edilməsi imkanlarının qorunduğunu vurğulayıb.

Bildirilib ki, agentliyin infrastrukturu planlı texniki xidmət və gözlənilməz hadisələr zamanı əməliyyatların davam etdirilməsi üçün çoxsaylı ehtiyat sistemlərlə təchiz olunub.

Qeyd edək ki, daha əvvəl CNN telekanalı mənbələrinə istinadən NSA-nın məxfi məlumat mübadiləsi üçün istifadə etdiyi “NSA Net” şəbəkəsində nasazlıq yarandığını xəbər vermişdi.

***
21:52

ABŞ Milli Təhlükəsizlik Agentliyinin (NSA) əməkdaşlar arasında məxfi məlumat mübadiləsi üçün istifadə etdiyi daxili rabitə şəbəkəsinin fəaliyyətində nasazlıq yaranıb.

CNN telekanalının mənbələrə istinadən yaydığı məlumata görə, problem agentliyin “NSA Net” adlı məxfi şəbəkəsində qeydə alınıb.

Bu sistem NSA əməkdaşlarına məxfi məlumatları təhlükəsiz şəkildə ötürməyə imkan verir.

Mənbələrin bildirdiyinə görə, hazırkı mərhələdə nasazlığın kiberhücum nəticəsində baş verdiyini göstərən hər hansı əlamət yoxdur.

Şəbəkənin nə vaxt tam bərpa ediləcəyi və problemin səbəbləri barədə məlumat açıqlanmayıb.

Qeyd olunur ki, son günlər ABŞ-ın dövlət qurumları və iri şirkətlərinin informasiya sistemlərində də texniki problemlər yaşanıb.

Ötən həftə Federal Aviasiya Administrasiyasının hava hərəkətinin idarəetmə mərkəzlərində rabitə nasazlığı səbəbindən ölkə üzrə bütün təyyarə uçuşları dörd saatdan çox müddətə dayandırılıb.

Bundan başqa, “Microsoft”, “United Airlines” və “JPMorgan Chase” şirkətlərinin xidmətlərində də genişmiqyaslı texniki nasazlıqlar qeydə alınıb.