• 23 °C
|

ABŞ müttəfiqlərinə sursat satışını müvəqqəti dayandırıb

16 Oktyabr 2026
img

ABŞ Prezidenti Donald Tramp ölkəsinin hərbi sursat ehtiyatlarını artırmaq məqsədilə müttəfiqlərinə silah-sursat satışını müvəqqəti məhdudlaşdırdığını bildirib.

Bu barədə Amerika lideri “Newsmax” telekanalına müsahibəsində danışıb.

“Son vaxtlar istehsal etdiyimiz sursatları özümüzdə saxlayırıq, çünki onlara ehtiyacımız var. Ehtiyatlarımızı kifayət qədər artırdıqdan sonra müttəfiqlərimizin bizdən yenidən sursat almasına icazə verəcəyik”, – Tramp deyib.

ABŞ Prezidenti əvvəlki administrasiyanı Ukraynaya milyardlarla dollar dəyərində hərbi yardım göstərdiyinə görə tənqid edib.

Onun sözlərinə görə, Co Bayden administrasiyası Kiyevə “Patriot” sistemləri və “Tomahawk” raketləri də daxil olmaqla böyük həcmdə silah-sursat ötürüb.

Tramp hakimiyyətə qayıtdıqdan sonra Avropa ölkələrindən Amerika silahlarının dəyərini ödəməyi tələb etdiyini vurğulayıb.

“Mən Avropa İttifaqına dedim ki, sizə heç nəyi pulsuz verməyəcəyəm. Ödəniş etməlisiniz. Onların kifayət qədər pulu var. Onlar bizə pul ödəyirdilər, biz də sursat göndərirdik”, – o bildirib.

Tramp, həmçinin ABŞ-ın İrandakı hərbi əməliyyatlar zamanı nisbətən az sursat istifadə etdiyini iddia edib.

“Onlar sursatlarımızın böyük hissəsini Ukraynaya verərək xərclədilər. Biz isə İranda nisbətən çox az sursat istifadə etdik”, – ABŞ Prezidenti əlavə edib.