
ABŞ və Meksika arasında ticarət sazişinin bağlanması üzrə danışıqlar Amerika tərəfinin idxal rüsumlarını azaltmaq məsələsində razılığa gəlməməsi səbəbindən ləngiyib.
Bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, Vaşinqton və Mexiko Meksikanın müəyyən güzəştləri müqabilində ABŞ-ın polad, alüminium və avtomobillərə tətbiq etdiyi gömrük rüsumlarının azaldılmasını nəzərdə tutan razılaşmaya yaxın olublar.
Lakin son günlər ABŞ-ın ticarət naziri Hovard Latnikin mövqeyi səbəbindən danışıqlarda irəliləyiş əhəmiyyətli dərəcədə zəifləyib.
Mənbələrin sözlərinə görə, Latnik Meksikadan idxal edilən avtomobillərə tətbiq olunan 25 faizlik, polad və alüminiuma tətbiq edilən 50 faizlik rüsumların ciddi şəkildə azaldılmasına qarşı çıxıb.