
Avropa ölkələri enerji qiymətlərinin aşağı salınması məqsədilə ehtiyatlarından milyonlarla barel neftin dünya bazarına çıxarılması ilə bağlı mart ayında götürdükləri öhdəlikləri indiyədək yerinə yetirməyiblər.
APA xəbər verir ki, bunu ABŞ-ın maliyyə naziri Skott Bessent “X” sosial şəbəkəsində yazıb.
Bessentin sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın rəhbərliyi altında Vaşinqton qlobal enerji bazarlarının sabitləşdirilməsinə yardım göstərilməsi ilə bağlı öhdəliyini yerinə yetirir. O, Avropa ölkələrini mövcud öhdəliklərin icrasını sürətləndirməyə və davam edən problemlərin aradan qaldırılması üçün əlavə tədarükləri dərhal təmin etməyə çağırıb.
ABŞ-ın maliyyə naziri qlobal dizel yanacağı çatışmazlığının yükünün amerikalı fermerlərin, yük avtomobili sürücülərinin və müəssisələrin üzərinə düşməməli olduğunu bildirib. Onun sözlərinə görə, Vaşinqton öz üzərinə düşəni edir və müttəfiqlərindən də öhdəliklərini konkret addımlarla təsdiqləmələrini gözləyir.
Mart ayında Beynəlxalq Enerji Agentliyinə üzv ölkələr ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı fonunda bazardakı vəziyyəti sabitləşdirmək üçün fövqəladə ehtiyatlardan 400 milyon barel neftin ayrılması barədə razılığa gəliblər.
ABŞ Energetika Nazirliyi isə Vaşinqton administrasiyasının 120 gün ərzində strateji ehtiyatlardan ümumilikdə 172 milyon barel neft buraxacağını açıqlayıb.