
ABŞ Prezidenti Donald Trampın administrasiyası Rusiyanın “Lukoyl” neft şirkətinin xaricdəki aktivlərinin satışına dair sövdələşməni dəstəkləyir.
“The New York Post” qəzetinin hökumətdəki mənbəyə istinadən yaydığı məlumata görə, təxminən 20 milyard dollar dəyərində qiymətləndirilən sövdələşmə fəaliyyəti dayanmış bəzi neft emalı güclərinin yenidən işə salınmasına imkan verə bilər.
Nəşr bildirir ki, investor Todd Boulinin rəhbərlik etdiyi və ABŞ-ın Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının (DFC) da daxil olduğu konsorsium Asiya, Avropa, Afrika və Şimali Amerikadakı neft yataqlarını almağı planlaşdırır.
Həmin yataqlarda gündəlik 350 min bareldən çox neft ekvivalenti hasil olunur. Bu həcm ABŞ-da ötən il neft hasilatında qeydə alınan ümumi artıma təxminən bərabərdir.
Sövdələşməyə Bolqarıstan, Rumıniya və Niderlandda yerləşən üç neft emalı zavodu da daxildir. Zavodların ümumi emal gücü gündəlik 350 min barel təşkil edir.
Məlumata görə, rəsmilər “Lukoyl”un xarici aktivlərini təxminən 20 milyard dollar dəyərində qiymətləndirirlər.
DFC-nin sövdələşmədə iştirakı isə əldə ediləcək gəlirin ABŞ xəzinəsinə yönəldilməsini nəzərdə tutan formada strukturlaşdırılıb.