• 19 °C
|

KİV: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə edib

29 Sentyabr 2026
img

Naməlum hakerlər Pentaqonun elektron bazalarında qeydiyyatda olan təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə edib.

APA xəbər verir ki, bu barədə “ABC News” telekanalı məlumat yayıb.

Məlumata görə, kadr resursları məlumat mərkəzinə edilən kiberhücum nəticəsində 2,76 milyon yaşayan və təxminən 294 min vəfat etmiş şəxsin məlumatları ələ keçirilib.

Hakerlərin sosial sığorta nömrələri, hərbi və mülki əməkdaşların fəaliyyət sahələri kimi məlumatlara çıxış əldə etməsi milli təhlükəsizliklə bağlı narahatlıq yaradıb.

“ABC News” bildirir ki, hakerlər 2025-ci ilin oktyabrından 2026-cı ilin iyulunadək məlumat mərkəzinə çıxış əldə edib. Daha sonra Pentaqon sistemdəki boşluğu aradan qaldırıb.

Mərkəzdə ümumilikdə 60 milyondan çox şəxsin, o cümlədən hərbçilər, ehtiyatda olan hərbçilər, mülki əməkdaşlar, veteranlar, podratçılar və hərbçilərin ailə üzvlərinin məlumatları saxlanılır.

Pentaqon hələlik hakerlərin əldə etdikləri məlumatlardan sui-istifadə etdiyinə dair hər hansı sübut aşkar etməyib.