
ABŞ hərbçiləri prezident Donald Trampın münaqişənin yenidən aktiv mərhələyə keçməsi ilə bağlı ziddiyyətli açıqlamalarına baxmayaraq, İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların bərpası variantlarını nəzərdən keçirirlər.
Bu barədə “The New York Times” (NYT) ABŞ administrasiyasının adı açıqlanmayan rəsmilərinə istinadən məlumat yayıb.
Qəzetin məlumatına görə, yaxın vaxtlarda Yaxın Şərqə üç aviadaşıyıcının göndərilməsi planlaşdırılır. Pentaqon həmçinin raket və pilotsuz uçuş aparatlarının saxlanıldığı anbarlara, eləcə də digər hərbi və enerji obyektlərinə zərbələr endirilməsi planlarını hazırlayır.
Nəşr bildirir ki, son bir neçə ay ərzində Pentaqon və Trampın milli təhlükəsizlik komandası İrana və ya Yəməndəki “Ənsar Allah” (husilər) hərəkatına qarşı genişmiqyaslı hərbi əməliyyatlarla bağlı ABŞ prezidentinə beş təklif təqdim edib. Tramp onların hamısını rədd edib.
Bununla yanaşı, prezidentin yaxın ətrafındakı bir çox şəxs İrana qarşı hərbi əməliyyatların Tehranın planlarına təsir göstərməyəcəyini düşünür. Onlardan bəziləri hesab edir ki, İrana iqtisadi təzyiq siyasəti nəticə verir və Tehranın ciddi güzəştlərə getməsi üçün sadəcə bir qədər də vaxt lazımdır.