
ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) 2028-ci ilin sonunadək Ay səthinə “Promise” adlı tədqiqat aparatını göndərməyi planlaşdırır.
APA xəbər verir ki, bu barədə NASA-nın elmi proqramlar üzrə rəhbər köməkçisi Niki Foks Floridada keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, roverin əsas məqsədi gələcək astronavt missiyaları üçün Ay səthindəki şəraiti öyrənmək və insanların təhlükəsizliyini təmin edəcək məlumatlar toplamaqdır.
“Biz Ay səthinə ən qiymətli resursumuzu – astronavtlarımızı göndəririk. Buna görə də onların əvvəllər insan ayağı dəyməmiş ərazilərdə sağ qala biləcəyinə əmin olmaq üçün məlumatlara ehtiyacımız var. NASA-nın ‘Promise’ roveri məni məhz buna görə sevindirir. O, 2028-ci ilin sonunadək Aya enəcək və 18 ay davam edəcək missiyanı həyata keçirəcək”, – Foks bildirib.
NASA-nın məlumatına görə, rover radioizotop termoelektrik generator vasitəsilə enerji ilə təmin olunacaq. Bu qurğu radioaktiv parçalanma nəticəsində yaranan istiliyi elektrik enerjisinə çevirir.
Aparatın hazırlanmasında Marsda fəaliyyət göstərən “Curiosity” roverinin konstruksiyasından da istifadə olunacaq.
“Promise” Ay səthinin kimyəvi tərkibini müəyyənləşdirmək üçün spektrometr də daxil olmaqla müxtəlif elmi cihazlarla təchiz ediləcək.
Qeyd edək ki, NASA 2028-ci ildə “Artemis IV” missiyası çərçivəsində astronavtları Ay səthinə endirməyi planlaşdırır.
2027-ci ildə isə “Artemis III” missiyası çərçivəsində astronavtların Yerətrafı orbitə göndərilməsi nəzərdə tutulur.
NASA rəhbəri Cared Ayzekman noyabrın 7-də keçirilən mətbuat konfransında “Artemis III” missiyasının qrafikinin dəyişmədiyini təsdiqləyib.