• 19 °C
|

Pentaqon ABŞ-dakı hərbi bazaları 90 günlük avtonom fəaliyyətə hazırlayır

26 Oktyabr 2026
img

ABŞ Müdafiə Nazirliyi ölkə ərazisindəki əsas hərbi bazaların genişmiqyaslı münaqişə zamanı ən azı 90 gün xarici təchizatdan asılı olmadan fəaliyyət göstərməsini təmin etməyə hazırlaşır.

Bu barədə “Fox News” telekanalı məlumat yayıb.

Bildirilib ki, Pentaqonun “FORTRESS America” proqramı çərçivəsində ABŞ-ın kontinental hissəsində yerləşən iri hərbi obyektlər elektrik enerjisi, su, yanacaq və rabitə üzrə mülki infrastruktura çıxış olmadan 90 gün fəaliyyət göstərə bilməlidir.

ABŞ müdafiə nazirinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Şon Parnell bildirib ki, ölkənin müdafiə qabiliyyətinin mülki kommunal infrastruktura bağlılığı ciddi risk yaradır.

“Milli müdafiə məsələsində adi mülki infrastruktura bağlı olmaq istəmirik. Buna yol verə bilmərik. Bu, qəbuledilməz riskdir”, – deyə Parnell vurğulayıb.

Onun sözlərinə görə, ABŞ-ın təhlükəsizlik strategiyası uzun müddət ölkənin iki okeanla əhatə olunmasının onu xarici təhlükələrdən qoruyacağı barədə köhnəlmiş yanaşmaya əsaslanıb.

“FORTRESS America” proqramı çərçivəsində hərbi bazaların enerji təminatı üçün daşınan nüvə reaktorlarından, böyük tutumlu akkumulyator sistemlərindən və müstəqil mikroelektrik şəbəkələrindən istifadə nəzərdə tutulur.

Bununla yanaşı, Pentaqon sursat, yanacaq, kritik minerallar, ehtiyat hissələri və dərman preparatlarının strateji ehtiyatlarının yaradılmasını vacib hesab edir.

Parnell bildirib ki, növbəti böyük münaqişənin bir neçə cəbhədə aparılması və beynəlxalq təchizat zəncirlərinin pozulması ehtimalı nəzərə alınmalıdır.

O, proqramı genişmiqyaslı müharibə zamanı ABŞ Silahlı Qüvvələrinin fəaliyyətinin fasiləsizliyini təmin edəcək təhlükəsizlik mexanizmi kimi qiymətləndirib.