
ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukraynaya hərbi yardım üçün Konqres tərəfindən ayrılmış 400 milyon dolların demək olar ki, hamısı üzrə cari maliyyə ilinin sonunadək hüquqi öhdəlik götürəcək.
Bu barədə “Reuters” üç mənbəyə istinadən məlumat yayıb. ABŞ-də cari maliyyə ili sentyabrın 30-da başa çatır.
Məlumata görə, həftənin əvvəlinədək 400 milyon dollardan təxminən 307 milyon dolları üzrə öhdəliklər rəsmiləşdirilib. Administrasiya qalan 93 milyon dollar üzrə də sentyabrın 30-dək müvafiq öhdəlikləri rəsmiləşdirməyi planlaşdırır.
Agentlik qeyd edir ki, vəsaitin sentyabrın 30-dək faktiki olaraq tam xərclənməsi tələb olunmur. Lakin maliyyə ilinin sonunadək müvafiq müqavilələr və öhdəliklər rəsmiləşdirilməsə, həmin vəsaitin istifadə müddəti başa çata bilər.