
Çin Xalq Respublikasının sədri artıq qlobal idarəetmə təşəbbüsləri irəli sürüb.
APA-nın Nyu-Yorka ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Çin Hökumətinin 2019-2025-ci illərdə Avropa məsələləri üzrə xüsusi nümayəndəsi, 2012-2017-ci llərdə BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini olmuş Vu Honqbo BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Çoxtərəflilik yol ayrıcında: Çağırışlar və sülhə gedən yol” adlı yan tədbirdə çıxışı zamanı deyib.
Vu Honqbo bildirib ki, Dünyanın iqtisadi inkişafı üçün hərəkətverici qüvvə olaraq, bəzi ölkələrin daha yüksək səs və rol tələb etməsi düzgündür:
“BMT-nin altı nizamnamə institutu çərçivəsində 100-dən çox proqram fəaliyyət göstərir. Lakin strukturun səmərəli koordinasiyası yoxdur, mandatlar üst-üstə düşür və resurslar uğrunda ciddi rəqabət mövcuddur. Bəzi ölkələr beynəlxalq təşkilatları güc rəqabətində istifadə edirlər. Bu, mühüm məsələlərin həllini gecikdirir. Gələcəkdə problem olmaması üçün nə etməliyik? Çin Xalq Respublikasının sədri artıq qlobal idarəetmə təşəbbüsləri irəli sürüb. Birincisi, suveren bərabərliyi qorumaq vacibdir. Ölçüsündən, gücündən və sərvətindən asılı olmayaraq, bütün ölkələr qlobal idarəetmədə bərabər iştirakçı və benefisiar olmalıdır. İkincisi, beynəlxalq hüququn aliliyinə riayət etməliyik. Bütün ölkələr üçün universal və bərabər qaydalar tətbiq olunmalı, ikili standartlara yol verilməməlidir. Üçüncüsü, çoxtərəfliliyi tətbiq etməliyik. Ümumi fayda üçün geniş məsləhətləşmələr, birgə töhfələr və koordinasiya ilə qlobal idarəetmə sistemini möhkəmləndirməliyik. BMT-nin statusu və nüfuzu qorunmalı, onun qlobal idarəetmədə əvəzolunmaz rolu təmin edilməlidir. Bunun üçün insan mərkəzli yanaşmanı müdafiə etməliyik. Qlobal idarəetməni islah etməli və təkmilləşdirməliyik ki, hər bir ölkənin xalqı bu sistemin aktyoru və benefisiarı olsun. Bu, ümumi çağırışlarla daha yaxşı mübarizə aparmaq, şimal-cənub fərqini azaltmaq və bütün ölkələrin maraqlarını qorumaq üçün vacibdir. Nəhayət, real tədbirlərə diqqət yetirməliyik. Sistematik və vahid yanaşma ilə resursları səfərbər etməli, koordinasiyanı təmin etməli və daha görünən nəticələr əldə etməliyik. Çinə olan marağı da başa düşürəm”.