ABŞ dövlət katibinin beynəlxalq nüvə siyasəti və əməkdaşlıq üzrə köməkçisinin müavini Aleşiya Dunkan Ermənistanda səfərdədir. Məlumata görə, o, ölkələr arasında enerji sahəsində əməkdaşlığı gücləndirmək üçün bir sıra görüşlər keçirəcək. Səfərlə bağlı hər hansı bir ətraflı məlumat verilmir. Erməni tərəfi sadəcə onun qondarma soyqırımı abidəsinə baş çəkdiyini yazıb.
Bu səfərlə bağlı ehtimal və fərziyyələr isə çoxdur. Rəsminin müzakirə edəcəyi məsələlər sırasında bu ölkədə ABŞ-nin atom elektrik stansiyasını (AES) inşa etməsi, eləcə də, Metsamor AES-lə bağlı müzakirələrin olacağı ehtimallar sırasındadır.
İstənilən halda onun İrəvana gəlməsi maraq doğurur və çoxsaylı suallar yaradır. İlkin olaraq deyə bilərik ki, Nikol Paşinyan hökuməti AES-in inşası məsələsində “Rosatom”un xidmətlərindən imtina edərək ABŞ-yə etibar edə bilər. ABŞ dövlət katibinin beynəlxalq nüvə siyasəti və əməkdaşlıq üzrə köməkçisinin müavini ölkələr arasında atom enerjisi sahəsində əməkdaşlıq çərçivəsində ayrıca bir razılaşma imzalaya bilər. Bu, “123 saylı” razılaşma adlanır. Məlumata görə, ABŞ indiyə qədər artıq dünyanın 46 ölkəsi ilə belə bir razılaşma imzalayıb.
Yeri gəlmişkən, A.Dunkanın səfəri Metsamor AES-lə bağlı müzakirə və narahatlıqların artdığı dövrə təsadüf edib.
Belə ki, AES-in mayın 15-dən uzunmüddətli təmirə (Ermənistan Atom Elektrik Stansiyasının baş direktorunun birinci müavini Movses Vardanyan bildirib ki, təmir işləri 60 gün davam edəcək – müəl.) dayandığını nəzərə salsaq, o zaman Ermənistanda ABŞ-nin AES tikməsi əsas müzakirə mövzusu ola bilər. Bu barədə dəfələrlə mediada xəbərlər də yayılıb. Rəsmi İrəvan hətta danışıqların vacib mərhələyə keçdiyini də təsdiqləyib.
Əlbəttə ki, AES inşası hər bir ölkənin daxili işidir. Lakin məsələ ondadır ki, Rusiya ABŞ-dən əvvəl Ermənistanda atom stansiyası tikmək barədə təkliflə çıxış etmişdi. Görünür, baş nazir Nikol Paşinyan ABŞ-yə üstünlük verib. Bu da, böyük ehtimalla, Kremldə ciddi narazılıq yaradacaq.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Metsamor AES-in Azərbaycana, Türkiyəyə, Ermənistana və bütün regiona böyük nüvə təhlükəsi yaratdığını dəfələrlə diqqətə çatdırıb. Prezident bu stansiyanın köhnə texnologiya ilə çalışdığını, onun ciddi texniki problemlərinin olduğunu diqqətə çatdırıb və Metsamordan qaynaqlanaraq bəzi nüvə materiallarının qanunsuz ticarətinin aparılmasının narahatlıq doğurduğunu da vurğulayıb.
ABŞ nümayəndəsinin Ermənistana səfəri ərəfəsində elə Metsamorla bağlı da narahatlıqlar səngimir. Qardaş ölkə olan Türkiyənin ekologiya üzrə qeyri-hökumət təşkilatları (QHT) ötən gün yaydıqları bəyanatda "Metsamor AES bağlanana qədər mübarizəni davam etdirəcəklər"ini bildiriblər. Məlumata görə, ekoloji təşkilatlar Ermənistanda yerləşən, İğdırdan 30 km məsafədə olan Metsamor AES-ə qarşı etdikləri çağırışda keçmiş qəzaları xatırladaraq stansiyanın bağlanmasını tələb ediblər.
Bu təşkilatlar adından mətbuata verilən açıqlamanı oxuyan QHT rəhbəri Sabahat Aslan stansiyanın ilk reaktorunun 1976, ikincisinin isə 1980-ci ildə istifadəyə verildiyini xatırladıb: "Atom elektrik stansiyasının tikinti prosesində sovet alimləri və Ermənistan daxilindəki çevrələr stansiyanın zəlzələ xətti üzərində yerləşməsi və su mənbələrinə sızıntı baş verməsi ehtimalı səbəbindən tikintisinə qarşı çıxmışdı".
Metsamor AES-in 1988-ci ildə baş verən zəlzələdə bir fəlakətin astanasından döndüyünə diqqət çəkən S.Aslan "1988-ci il Spitak zəlzələsindən sonra xalqın narahatlıqları, təzyiqləri və etirazları səbəbindən stansiyanın iki reaktoru bağlandı. 1993-cü ildə Ermənistan hökuməti atom elektrik stansiyasını yenidən açma qərarı aldı və stansiya 1995-ci ildə istifadəyə verildi. 2005-ci ildə istismar müddəti bitən stansiyanın fəaliyyət müddəti 2016-cı ilə qədər uzadıldı və stansiyanın istismar müddətinin uzadılması müxtəlif tarixlərdə də davam etdi", – deyə bildirib.
Bəyanatda vurğulanıb ki, Metsamor Çernobıldan sonra ən təhlükəli stansiyadır, texnologiyası köhnədir və ömrünü çoxdan tamamlayıb: "Atom stansiyasının hələ də fəaliyyətdə olmasının bölgə üçün təhlükə yaratdığı aydındır. Zəlzələ bölgəsində yerləşdiyi və Ermənistanın qonşuları olan Türkiyə və qafqazlarda narahatlığı artırmaqdadır. Metsamor stansiyası Türkiyə və Ermənistan daxil, Naxçıvan, İran və Azərbaycandakı insanları və təbii həyatı təhdid etməkdədir. Həmçinin, bu stansiya, xüsusilə, İğdır vilayətində ətraf mühit və insan sağlamlığına çox mənfi təsir etməkdədir".
Türkiyəli QHT təmsilçisi sonda nüvə ilə əlaqəli bütün beynəlxalq qurumlara və Ermənistan hökumətinə səslənib: "Çernobıl və Fukuşima hadisələri təkrarlanmadan Metsamor atom elektrik stansiyasını bağlayın. Bu stansiyanın bağlanması üçün ölkəmizin əlaqədar qurumları təcili hərəkətə keçməlidir. Metsamor bağlanana qədər mübarizəmiz davam edəcək".
Göründüyü kimi, Metsamorla bağlı narahatlıqlar, bəyanatlar və hesabatlar səngimir. Sadəcə, ümid etmək olar ki, ABŞ heyəti də bu narahatlığı onu görməzdən gələn Ermənistan hökumətinin diqqətinə çatdıracaq. Düzdür, stansiya təmir adı ilə müvəqqəti bağlanıb, lakin yaxın gələcəkdə yenidən fəaliyyətə başlayacağı gözlənilir.