• 25 °C
|

Prezidentin Ermənistana çağırışı: Qərbi azərbaycanlıların hüquqlarına hörmət edin – ŞƏRH

19 İyun 2025
img

Azərbaycan daha bir beynəlxalq tədbirə uğurlu ev sahibliyi edib. İyunun 18-19-da Bakıda insan hüquqları üzrə müvəkkilinin təşəbbüsü ilə Azərbaycan Ombudsmanların Beynəlxalq Simpoziumu keçirildi.

“Konstitusiya və Suverenlik İli” və Azərbaycan Respublikasında İnsan Hüquqları Gününə (iyunun 18-i) həsr oluna tədbirdə 15-dək ölkədən ombudsman və milli insan hüquqları təsisatlarının rəhbərləri, nümayəndələri, dövlət orqanlarının yüksəkvəzifəli şəxsləri, deputatlar, beynəlxalq təşkilatların, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, həmçinin insan hüquqları sahəsində ekspertlər iştirak ediblər.

Bu il həm də konstitusiya və suverenlik ilidir. Azərbaycan milli dövlətçilik, müstəqillik tarixində bu ilk konstitusiyadır. O, 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul olunub. Çünki 1918–1920-ci illərdə 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti Əsas Qanununu qəbul edə bilməmişdi.

Ümummilli Lider Heydər Əliyev hakimiyyət gəlişinin ikinci ilində müstəqil dövlətin öz konstitusiyasının olmasının vacibliyi göstərdi.

Bununla da konstitusiya quruluşunun əsaslarını möhkəmləndirərək, respublika idarəetmə formasına malik, unitar, demokratik, hüquqi, dünyəvi dövlət kimi müəyyən, özündə ümumbəşəri dəyərləri təsbit etdi. Həmin dövrdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi pozulmuşdu. Bu baxımdan onda konstitusiyada Azərbaycanın unitar dövlət olaraq elan edilməsi, “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı bir qurumun saxta olduğunu təsdiqləmişdi.

Azərbaycan konstitusiyası haqqında Ermənistan hakimiyyətinin əsassız çıxışlarına cavab baxımından da simpoziumun konstitusiyaya həsr edilməsi də əhəmiyyətlidir.

Rəsmi Bakı İrəvandan konstitusiyasını dəyişməsini istəyir. Bəzən bu hətta təklif deyil, iki tərəf arasında sülh müqaviləsi, normallaşma üçün əsas şərtlərdən biri olaraq irəli sürülür. Çünki bu ölkənin müstəqillik haqqında konstitusiya aktında Azərbaycana qarşı ərazi iddiası və tarixin saxtalaşadırılması faktları var. Bu isə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına, normallaşmaya mane olan başlıca hüquqi sənəddir. Rəsmi İrəvan konstitusiyanın 2026 və ya 2027-ci ildə dəyişəcəyini vəd edir. Onun gecikdirilməsi isə hüququ baxımdan regional təhlükəsizliyi təhdid mənbəyidir.

Azərbaycan beş il əvvəl Ermənistanı işğal etdiyi torpaqlarından qovmaqla fiziki təhdid mənbəyini aradan qaldırıb.

Bununla da 1918-ci ildən sonra Qarabağ və ətraf rayonlardakı separatçılığı, suverenliyə qarşı olan qüvvələri zərərsizləşdirib. Çünki bu qüvvələr müstəqil dövlətin daxildən parçalamağa, onun suverenliyini pozmağa çalışıb.

Elə həmin qüvvələrin pozuculuq fəaliyyəti Azərbaycan Xalq Cümhuriyyətinin işğalına səbəb olmuş başlıca amillərdəndir. Sonrakı illərdə, hətta keçmiş SSRİ dövründə də həmin qüvvələr müttəfiq sayılsa belə azərbaycanlılara, Azərbaycan Sovet Sosialist Respublikasına qarşı çıxış ediblər.

Onlar “DQMV”də separatçılığı gücləndirərək, bu əraziləri Azərbaycandan qoparmağa səy göstəriblər. Onlar bu zaman Azərbaycan türklərinə qarşı çoxsaylı cinayətlər işlədərək milli insan hüquqlarını pozublar. Qarabağ və ətraf rayonlarda törədilmiş soyqırımılar, qətllər buna sübutdur. Onlar son 30 ildə deyil, 1918-ci ilin yazında da oxşar cinayətlər, faciələr törədiblər. Bu hadisələr simvollaşdırılaraq martın 31-də Azərbaycanlıların soyqırımı günü olaraq yada edilir.

Son 30 ildə ermənilərin törətdikləri cinayətlərin, faciələrin ümumiləçdirilmiş hadisəsi isə Xocalı soyqırımı günüdür.

Bununla yanaşı onlar milli insan hüquqlarını Azərbaycan türklərinin tarixi torpaqlarında yaradılan indiki Ermənistanda da pozublar.

Ötən yüz ildə bu ərazilərdən yüz minlərlə azərbaycanlı tarixi dədə-baba yurdlarından qovulub. Bu zaman çoxlu sayda Azərbaycan türkü ermənilər və sovet əsgərlərinin, məmurların iştirakı ilə işgəncəyə məruz qalıb, qətlə yetirilib.

Təkcə 1988-1991-ci illərdə Ermənistandan, Qərbi Azərbaycandan 300 minədək azərbaycanlı qovulub. Onlar zorla ölkə vətəndaşlığından məhrum ediliblər. Bu zaman qərbi azərbaycanlıların milli insan hüquqları pozulub. Vətəndaşlığı, mülkiyyəti əlindən alınan on minlərlə insan Ermənistandan hüquqlarının bərpasını, beynəlxalq ictimaiyyətdən isə bu istiqamətdə yardım etməsini istəyir.

Odur ki, beynəlxalq Bakı simpoziumu dünya ictimaiyyətinə 300 min insanın milli hüquqlarının pozulduğunu bir daha diqqətə çatdırmaq baxımından önəmli sayılır.

Çünki Ermənistan və ermənilər qeyd etdiyimiz cinayətləri etnik təmizləmə aparmaq məqsədi ilə törədiblər. İsbat olunub ki, onlar “türklərsiz Ermənistan”, “Qarabağ Ermənistandır” şüarları əsasında azərbaycanlılara qarşı vəhşiliklər ediblər.

Qərbi azərbaycanlıların tapdanmış və pozulmuş milli insan hüquqlarının bərpası Azərbaycan Respublikasının dövlət siyasətinin prioritetlərindəndir.

Dövlət başçısı İlham Əliyevin “Qanunun aliliyinin gücləndirilməsi: ombudsmanların və milli insan hüquqları təsisatlarının rolu” mövzusunda Ombudsmanların Beynəlxalq Simpoziumunun iştirakçılarına müraciətində də bu məsələlər vurğulanıb.

Prezident bildirib ki, bu il Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30-cu, Vətən müharibəsində şanlı zəfərimizin 5-ci ildönümüdür və bu münasibətlə 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilmişdir.

O, simpoziumun belə əlamətdar tarixlərlə eyni vaxta təsadüf etməsini, onun əhəmiyyətini artırmaqla yanaşı Azərbaycanda müstəqillik və suverenlik dəyərlərinin, demokratik prinsiplərin, qanunun aliliyinin və insan hüquqlarının təbliği və təşviqi baxımından xüsusi önəm daşıdığını vurğulayıb.

Prezident tədbir iştirakçılarına bildirib ki, Azərbaycanda aparılan hüquqi və institusional islahatlar çərçivəsində ombudsman təsisatının mandatının beynəlxalq hüquq normalarına tam uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər böyük əhəmiyyət kəsb edir və onlar davam etdirilməkdədir.

Simpoziumda müzakirə olunan məsələlərdən biri də qaçqınların hüquqları ilə bağlı olub. Azərbaycan bu sosial problemi, faciəni 30 il yaşayıb. Qərbi azərbaycanlıların bu istiqamətdə hüquqları hələ də bərpa olunmayıb. Qarabağ və ətraf rayonlardan olan qaçqınların pozulmuş haqları 44 günlük müharibədən sonra təmin edilməyə başlasa da, Ermənistan 300 minlik vətəndaşını tanımaq istəmir.

Dövlət başçısı bu məsələyə diqqət çəkərək bildirib ki, keçən əsrin əvvəllərindən başlayaraq Qərbi Azərbaycandan yüz minlərlə azərbaycanlın zorla çıxarılması və etnik təmizləməyə məruz qalıb: "Həmin dəhşətli deportasiyalardan sonra Ermənistan ərazisində bir nəfər belə azərbaycanlı qalmamış, bu ərazilərdə xalqımızın qədim tarixi-mədəni, dini-mənəvi irsi, o cümlədən abidələr, məscidlər, qəbiristanlıqlar məhv edilmişdir. Tarixi ədalət bu insanların öz vətənlərinə dinc və təhlükəsiz qayıdışının təmin olunmasını tələb edir. Ermənistan azərbaycanlıların öz dədə-baba yurdlarına qayıtmaq hüququna hörmətlə yanaşmalıdır. Bu, bölgədə sülhün, barışığın və insan hüquqlarının bərqərar olması üçün vacib şərtdir”.

Rəsmi Bakı Ermənistan rəhbərliyinə və beynəlxalq ictimaiyyətə “Qərbi azərbaycanlıların pozulan, tapdanan milli insan hüquqları”nın bərpa olunması şərtini bu simpozium vasitəsi ilə bir daha çatdırıb. Rəsmi İrəvan bu hüquqa hörmət etməyə çağırılır…