
ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri Suriyanın şimal-şərqində yerləşən “Kasrak” hərbi bazasından çıxmağa başlayıb.
APA xəbər verir ki, bu barədə “Syria TV” telekanalı məlumat yayıb.
Məlumata görə, şəxsi heyət və hərbi texnika daşıyan konvoylar qonşu İraq ərazisinə istiqamətlənir.
“Kasrak” bazası əsasən kürdlərin yaşadığı Həsəkə əyalətinin inzibati mərkəzi olan Həsəkə şəhəri yaxınlığında yerləşir və Qərb koalisiyasının Suriya ərazisindəki ən böyük hərbi obyektlərindən biri hesab olunurdu.
Bundan əvvəl ABŞ və müttəfiq qüvvələr “Harab əl-Cir” aviabazasını və əyalətin cənubundakı Əş-Şəddadi şəhərində yerləşən təlim düşərgəsini tərk etmişdilər.
Fevralın 12-də isə koalisiya hərbçiləri Suriya, İraq və İordaniya sərhədlərinin qovşağında yerləşən və Dəməşq–Bağdad strateji magistralına nəzarət imkanı verən "Ət-Tanf" bazasından çıxarılıb.