
Ankaranın Pursaklar rayonunda polis əməkdaşlarının keçirdiyi yoxlama zamanı polis əməkdaşı Ahmet Türkoğlu silahlı hücum nəticəsində həlak olub.
APA xəbər verir ki, məlumata görə polis əməkdaşları əməliyyat zamanı bir avtomobili saxlayıb. Avtomobildə olan şəxslərin şəxsiyyətinin yoxlaması aparılarkən arxa oturacaqda əyləşən şübhəli şəxs maşından düşərək əlindəki silahla polis əməkdaşı Ahmet Türkoğluna iki dəfə atəş açıb.
Hadisə ilə bağlı əraziyə polis və təcili tibbi yardım əməkdaşları göndərilib. Ağır yaralanan Türkoğlu Pursaklar Dövlət Xəstəxanasına çatdırılıb, lakin həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Ankara valisi Yakup Canbolat bildirib ki, hadisə saat 23:25 radələrində Karacaören-TOKİ yolundakı yoxlama məntəqəsində baş verib. Onun sözlərinə görə, avtomobildə üç nəfər olub. Hücumdan sonra avtomobildəki iki şəxs saxlanılıb, atəş açan şübhəli isə hadisədən dərhal sonra özünə atəş açıb.
Onun vəziyyətinin ağır olduğu bildirilib.