
Cənubi Koreyanın sabiq Baş naziri Han Dok Su konstitusiya quruluşuna qarşı qiyam işi üzrə 23 il müddətinə azadlıqdan məhrum edilib.
APA xəbər verir ki, bu barədə YTN telekanalı məlumat yayıb.
Məhkəmənin qərarına əsasən, Han Dok Su ölkədə konstitusiya quruluşunu zorla dəyişdirməyə yönəlmiş qiyamda əsas fiqurlardan biri kimi tanınıb. O, ölkədə hərbi vəziyyət elan edən qiyamçıların liderinə — Cənubi Koreyanın sabiq prezidenti Yun Sok Yola yardım göstərməkdə ittiham olunub.
İstintaq materiallarında qeyd olunub ki, Han Dok Su hərbi vəziyyətin elan olunması prosesində aktiv rol oynayıb və dövlət institutlarının konstitusiyaya zidd fəaliyyətinə dəstək verib.
Xatırladaq ki, 2024-cü ilin dekabrında Cənubi Koreyanın o vaxtkı prezidenti Yun Sok Yol konstitusiyanı pozaraq ölkədə hərbi vəziyyət elan etmişdi. Bu addım geniş ictimai etirazlara səbəb olmuş və nəticədə Yun Sok Yol vəzifəsindən kənarlaşdırılmışdı.
Həmin dövrdə Han Dok Su Baş nazir vəzifəsini tuturdu və Yun Sok Yolun vəzifədən uzaqlaşdırılmasından sonra Cənubi Koreya prezidentinin səlahiyyətlərini müvəqqəti icra etmişdi.
Qeyd edək ki, Cənubi Koreyanın sabiq prezidenti Yun Sok Yol bu ilin yanvarın 16-da konstitusiyanı pozmaq və dövlət çevrilişinə cəhd ittihamları ilə 5 il müddətinə azadlıqdan məhrum edilib.