
İran bəzi dövlətlərlə onların gəmilərinin Hörmüz boğazı vasitəsilə təhlükəsiz keçidinin təmin edilməsi barədə danışıqlar aparır.
APA xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Əraqçi CBS telekanalında “Face the Nation” proqramında bildirib.
“Tehrana bir sıra ölkələrin nümayəndələri müraciət edərək neft və qaz daşıyan gəmilərin Hörmüz boğazı vasitəsilə təhlükəsiz keçidi məsələsini müzakirə etmək istədiklərini bildiriblər. Gəmilərinin təhlükəsiz keçidi məsələsini bizimlə müzakirə etmək istəyən ölkələrlə dialoqa açığıq. Bu məsələ ilə bağlı qərarı hərbçilər qəbul etməlidir və onlar artıq müxtəlif ölkələrə məxsus gəmilərdən ibarət bir qrupun təhlükəsiz və qorunan ərazidən keçməsinə icazə veriblər. Bəzi dövlətlər isə “ABŞ tərəfindən göstərilən aqressiya və bölgədəki qeyri-sabit vəziyyətə görə” öz istəkləri ilə gəmilərini həmin əraziyə göndərmirlər”, – deyə İran XİN başçısı qeyd edib.
Qeyd edək ki, bundan öncə Abbas Əraqçi “Al Araby Al Jadeed”-ə müsahibəsində bildirmişdi ki, Hörmüz boğazı ABŞ və müttəfiqləri istisna olmaqla, hər kəs üçün açıqdır.