• 19 °C
|

Əraqçi Mirzoyanla İran-Ermənistan münasibətlərinin dərinləşdirilməsini müzakirə edib – YENİLƏNİB

5 Oktyabr 2026

İranın xarici işlər naziri Abbas Əraqçi bu gün Tehranda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşüb.

APA-nın Tehran bürosunun xəbərinə görə, görüşdə İran-Ermənistan ikitərəfli münasibətləri və regional proseslər müzakirə olunub.

Tərəflər İran və Ermənistan arasında münasibətlərin inkişaf etdirilməsi və dərinləşdirilməsi, həmçinin iqtisadiyyat, siyasət, ticarət, nəqliyyat və enerji sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar.

Həmçinin, Cənubi Qafqaz, Qərbi və Cənubi Asiyada baş verən proseslər, iki ölkənin BMT və digər çoxtərəfli qurumlar çərçivəsində koordinasiyası nəzərdən keçirilib.

İranın xarici işlər naziri İranın Cənubi Qafqazda sülh və sabitliyin əhəmiyyəti ilə bağlı mövqeyini açıqlayaraq, Ermənistan və Azərbaycan arasında qarşılıqlı əlaqələr və münasibətlərdə müsbət dinamikanın davam etməsindən məmnunluğunu ifadə edib. Əraqçi İranın sülh prosesinin möhkəmləndirilməsinə, eləcə də regional əlaqə və əməkdaşlığın gücləndirilməsinə töhfə vermək məqsədilə “3+3” formatı çərçivəsində də daxil olmaqla, çoxşaxəli dialoq və əməkdaşlığın davam etdirilməsinə hazır olduğunu bildirib.

O, eyni zamanda, Cənubi Qafqaz regionunun işlərinə üçüncü tərəflərin iştirakı və müdaxiləsindən irəli gələn nəticə və narahatlıqlara diqqət yetirilməsinin vacibliyini vurğulayıb.

Ararat Mirzoyan isə İran-Ermənistan münasibətlərinin strateji xarakter daşıdığını və İrəvanın Tehranla əməkdaşlığın genişləndirilməsinə davamlı diqqət göstərdiyini vurğulayıb.

Erməni nazir İran və Ermənistan arasında Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında sazişin imzalanması ilə iki ölkə arasında münasibətlərin daha da dərinləşəcəyinə ümid etdiyini bildirib.

***

11:42

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Tehrana səfəri zamanı iranlı həmkarı Abbas Əraqçi ilə görüşüb.

APA xəbər verir ki, bu barədə Əraqçi “Telegram” kanalında paylaşım edib.