• 11 °C
|

İran Hörmüz boğazından keçid üçün “yoxlama sistemi” hazırlayır

20 Mart 2026
img

İran Hörmüz boğazından keçən gəmilər üçün yeni yoxlama və qeydiyyat sistemi hazırlayır.

Al Jazeera-nın məlumatıa görə, Lloyd’s List-in xəbərinə əsasən, bu addım İranın strateji əhəmiyyətə malik bu yolunda “seçici” blokadaya keçməsi ilə bağlıdır.

Dənizçilik üzrə xəbər və analiz xidməti bildirib ki, Hindistan, Pakistan, İraq, Malayziya və Çin daxil olmaqla bir sıra ölkələr boğazdan keçid üçün Tehranla birbaşa danışıqlar aparır. Gəmilərin keçidinə indiyədək fərdi qaydada icazə verilsə də, hazırda İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən yeni yoxlama və qeydiyyat sistemi hazırlanır.

Məlumata görə, əvvəlcədən təsdiqlənmiş marşrutdan istifadə etmək istəyən gəmilər keçid etməzdən əvvəl gəminin sahibi və yükün təyinatı barədə geniş məlumatları SEPAH-a təqdim etməlidir. Bu məlumatlar İranla əlaqəli şəxslər vasitəsilə, ölkə xaricindən ötürülür.

Bu həftə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, boğaz “açıqdır, lakin düşmənlərimiz üçün bağlıdır”. Bu açıqlama SEPAH-ın daha əvvəl boğazdan keçməyə çalışan hər hansı gəminin yandırılacağı ilə bağlı sərt bəyanatlarından nisbətən yumşaq mövqeyə keçid kimi qiymətləndirilir.

Məlumata görə, ABŞ və İsrailin üç həftə əvvəl İrana qarşı müharibəyə başlamasından sonra Hörmüz boğazından keçən gəmi trafiki 95 faiz azalıb. Bu vəziyyət qlobal enerji bazarlarına ciddi təsir göstərib. Dünyada daşınan neftin təxminən beşdə biri məhz bu boğazdan keçir və o, Fars körfəzi ilə Oman körfəzini birləşdirir.

Dəniz nəqliyyatı məlumatları göstərir ki, blokada başladıqdan sonra az sayda gəmi boğazdan keçə bilib və bunların əksəriyyəti Pakistan, Hindistan və ya Çin bayrağı altında üzən gəmilər olub. Lakin son dövrlərdə hücum riskinin artması səbəbindən bu keçidlər daha da azalıb. Bəzi gəmilər avtomatik identifikasiya sistemlərini (AIS) söndürməyə məcbur olub, digərləri isə İran rəsmilərinə Çinlə bağlı məlumatlarını təqdim edib.