
İsrail ordusu son həftələrdə Livandakı “Hizbullah”a qarşı hava zərbələrini artırıb.
APA xəbər verir ki, bu barədə The Times of Israel məlumat yayıb.
Məlumata görə, İran tərəfindən dəstəklənən bu silahlı qruplaşma İsrailə qarşı yeni münaqişədə Tehrana qoşula bilər.
Cümə gecəsi İsrail Hərbi Hava Qüvvələrinin Livanın şərqindəki Bəkaa vadisində həyata keçirdiyi zərbələr “Hizbullah”ın raket qüvvələrinə məxsus üç komanda mərkəzini hədəf alıb. Nəticədə səkkiz silahlı, o cümlədən yüksək rütbəli komandir öldürülüb.
İsrail ordusunun bəyanatında bildirib ki, “Hizbullah”ın raket qüvvələri son vaxtlar İsrailə raket buraxmaq imkanlarını artırmaq üzərində işləyirdi.
Hərbi mənbələrə görə, zərbələrin məqsədi qruplaşmanın yenidən hərbi əməliyyatlara başlamaq cəhdləri halında onun raket və mərmi potensialını zəiflətmək olub.
Mənbələr qeyd edib ki, Vaşinqton və Tehran arasında gərginliyin artması və regionda müharibə riskinin yenidən yüksəlməsi fonunda İsrail hərbçiləri “Hizbullah”ın, xüsusilə raket və mərmi qüvvələrinin, ABŞ-ın İrana hücumu halında İsrailə qarşı zərbə endirmək üçün hazırlıq gördüyünü müəyyən edib.