• 26 °C
|

İsrail ordusu Livanda döyüşlərin yenidən başlaya biləcəyini açıqlayıb

21 İyun 2026
img

İsrail Müdafiə Qüvvələri Baş Qərargah rəisi general-leytenant Eyal Zamir Livanda elan edilmiş atəşkəsi kövrək adlandırıb və hərbçilərə döyüş əməliyyatlarının yenidən başlamasına hazır olmaları barədə göstəriş verib.

APA xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Zamir Livanın cənubunda yerləşdirilmiş İsrail bölmələrinə səfəri zamanı bildirib ki, mövcud atəşkəs sabit deyil və ordunun yüksək hazırlıq vəziyyətini qoruması vacibdir.

“Elan edilmiş atəşkəs kövrəkdir. Biz döyüş əməliyyatlarının yenidən başlamasına, təhdidlərin aradan qaldırılmasına və zərurət yaranacağı halda əməliyyatlara sürətlə qayıtmağa hazır olmalıyıq”, – deyə o vurğulayıb.

Baş Qərargah rəisinin sözlərinə görə, İsrail ordusunun bütün resursları bu məqsədə yönəldilib.

“Biz mübarizəni davam etdiririk. Məqsədimiz dəyişməz olaraq qalır – İsrailin şimalındakı yaşayış məntəqələrini və mülki əhalini qorumaqdır”, – deyə Zamir əlavə edib.