
Pakistan Səudiyyə Ərəbistanına hərbi qüvvə göndərib.
Bu barədə GEO TV Pakistan Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Qeyd edilib ki, iki ölkə arasında əməkdaşlıq çərçivəsində Səudiyyə Ərəbistanına yola düşən Pakistan Ordusunun hərbi qulluqçuları üçün şənbə günü yolasalma mərasimi keçirilib. Mərasimdə müdafiə naziri Xavaca Məhəmməd Asif iştirak edib.
Müdafiə Nazirliyinin məlumatında bildirilib ki, hərbi kontingentin göndərilməsi iki ölkə arasında uzunmüddətli strateji tərəfdaşlıq və qardaşlıq əlaqələrinə əsaslanan Pakistanın Səudiyyə Ərəbistanı Krallığının təhlükəsizliyinə, suverenliyinə və ərazi bütövlüyünə sarsılmaz sadiqliyini əks etdirir: “Pakistan Krallığın təhlükəsizliyinin və Harameyn Şərifeynin (Məkkə və Mədinədə yerləşən müqəddəs məscidlərin) toxunulmazlığının qorunmasına sadiqliyini qətiyyətlə davam etdirir. Hərbi qulluqçular razılaşdırılmış öhdəliklər və müdafiə sahəsində əməkdaşlığın müəyyən edilmiş çərçivəsi daxilində Səudiyyə Ərəbistanının ərazisində onlara həvalə edilmiş vəzifələri yerinə yetirəcəklər. Bu hərbi yerləşdirmə yaranmaqda olan təhlükəsizlik narahatlıqları fonunda Krallığın müdafiə imkanlarının daha da gücləndirilməsinə töhfə verəcək. Bu, Pakistan və Səudiyyə Ərəbistanı arasında davamlı qardaşlıq, qarşılıqlı etimad və strateji əməkdaşlıq əlaqələrini, eləcə də Pakistanın Krallığın suverenliyinin və ərazi bütövlüyünün qorunmasında onun yanında olmaq əzmini bir daha nümayiş etdirib”.
Mərasimdə Səudiyyə Ərəbistanının Pakistandakı səfiri doktor Racih Tami Əl-Buqami, Baş Qərargah rəisi general-leytenant Ömər Əhməd Buxari və Lahor Korpusunun komandanı general-leytenant Məhəmməd Ömər Bəşir də iştirak ediblər.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı Yəməndəki husilərin dəfələrlə həyata keçirdiyi raket hücumlarına məruz qalıb. Yəməndə vətəndaş müharibəsində döyüşlərin iyul ayında intensivləşməsindən sonra husilər şəhərləri, neft obyektlərini və gəmiçiliyi hədəf alıblar.
İslamabad Məkkə Müdafiə Alyansının Strateji, Siyasi və Müdafiə Komitəsinin ikinci iclasına ev sahibliyi edib. İclasdan sonra keçirilən mətbuat konfransında çıxış edən Baş nazirin müavini İshaq Dar bildirmişdi ki, üç ölkə regionda dəyişən təhlükəsizlik vəziyyətini nəzərdən keçirib və regional sülhün, təhlükəsizliyin və sabitliyin təmin edilməsi istiqamətində birgə fəaliyyət göstərmək əzmini bir daha təsdiqləyib. Tərəflər əvvəlki iclasda qəbul edilmiş qərarların icrası istiqamətində görülən işləri nəzərdən keçirib və Alyansın Səudiyyə Ərəbistanında Katibliyinin yaradılması və fəaliyyətə başlaması istiqamətindəki səylərdən məmnunluqlarını ifadə ediblər.
Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə avqust ayında saziş imzalayıb. Üç ölkə hücuma məruz qalacaqları təqdirdə bir-birinə yardım göstərməyi öhdələrinə götürüblər. Alyansın fəaliyyətini əlaqələndirmək məqsədilə Ər-Riyadda daimi katiblik yaradılıb. Pakistan Ordusunun istefada olan general-leytenantı Numan Mahmud üç il müddətinə qurumun ilk baş katibi təyin edilib.