• 25 °C
|

Qəribabadi: Hörmüz boğazındakı vəziyyət müharibədən əvvəlki vəziyyətinə qayıtmayacaq

29 İyun 2026
img

“Biz Oman Sultanlığına Hörmüz boğazındakı marşrutların dəyişdirilməsinin zəruriliyi barədə məlumat verdik. Bugünkü görüşdə Omanın Hörmüz boğazı ilə bağlı gələcək tənzimləmələrdə bizimlə birlikdə iştirak etmək istəyini hiss etdik”.

APA xəbər verir ki, bu sözləri İran xarici işlər nazirinin hüquqi və beynəlxalq məsələlər üzrə müavini Kazem Qəribabadi deyib.

O, Hörmüz boğazındakı xidmətlərin dəyərinin ödənilməsini tələb etdiklərini və bunu Oman Sultanlığı ilə müzakirə etdiklərini bildirib.

Qəribabadi onu da bildirib ki, Hörmüz boğazındakı vəziyyət müharibədən əvvəlki vəziyyətinə qayıtmayacaq.

“Biz Oman Sultanlığı ilə məsləhətləşərək Hörmüz boğazında yeni tənzimləmələr tapmaqda qərarlıyıq. Oman Sultanlığı istəməsə belə, İran Hörmüz boğazında yeni tənzimləmələri həyata keçirəcək. Biz Oman Sultanlığına Hörmüzdəki tranzit marşrutlarını İranın müəyyən etdiyini və digər marşrutları rədd etdiyimizi bildirdik”, – Qəribabadi əlavə edib.

Qeyd edək ki, bu gün İran və Oman rəsmiləri Məsqətdə Hörmüz Birgə Komitəsinin ilk iclasını keçiriblər.