
Qətərin dövlət ərazi sularında baş verən helikopter qəzasından sonra itkin düşən şəxslərlə bağlı davam edən axtarış-xilasetmə əməliyyatları çərçivəsində helikopterdə olan 7 nəfərdən 6-sının tapılması mümkün olub.
Qatar News Agency-in məlumatına görə, bunu ölkənin Daxili İşlər Nazirliyi bildirib.
Tapılan şəxslərin həlak olduğu təsdiqlənib, xüsusi təyinatlı qruplar isə sonuncu itkin şəxsin tapılması üçün intensiv axtarışları davam etdirir.
Nazirlik bazar günü X platformasında yaydığı açıqlamada həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib.
***
12:36
Qətərə məxsus hərbi helikopterin texniki nasazlıq səbəbindən ölkənin sularında qəzaya uğraması nəticəsində azı altı nəfər həlak olub.
Al Jazeera-nın məlumatına görə, bu barədə hökumət məlumat yayıb.
Helikopterdə ümumilikdə yeddi nəfər olub. Qətərin Daxili İşlər Nazirliyi bazar günü bildirib ki, itkin düşən sonuncu şəxsin tapılması üçün axtarış-xilasetmə əməliyyatları davam edir.
Ölkənin Müdafiə Nazirliyi daha əvvəl X platformasında yaydığı açıqlamada qeyd edib: “Qətərə məxsus helikopter planlı uçuş zamanı texniki nasazlıqla üzləşib və nəticədə dövlətin ərazi sularında qəzaya uğrayıb.”