
“Beşiktaş”ın UEFA Avropa Liqası çərçivəsində keçirilən matçını izləmək üçün Gürcüstanın Batumi şəhərinə gedən Türkiyə vətəndaşlarının vəziyyəti yaxından izlənilir.
APA-nın Türkiyə bürosunun məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) mənbələri məlumat yayıb.
Qeyd olunub ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan gürcüstanlı həmkarı Maka Boçorişvili ilə telefon danışığı aparıb.
Türkiyənin Tbilisidəki səfirliyinin və Batumidəki baş konsulluğunun əməkdaşlarının stadionda olduqları bildirilib.
Türkiyə vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi və hüquqlarının qorunması üçün bütün zəruri addımların atıldığı vurğulanıb.
Xatırladaq ki, UEFA Avropa Liqasının V turu çərçivəsində keçirilən “Beşiktaş” – “Hapoel Beer Şeva” matçında azarkeşlər arasında qarşıdurma baş verib. Polis “Beşiktaş” azarkeşlərinə bibər qazı ilə müdaxilə edib. Hadisədən sonra futbolçular təhlükəsizlik məqsədilə meydançanı tərk ediblər.