• 27 °C
|

Yəməndə müharibənin yenidən başlayacağı barədə xəbərlər yayılıb

16 Avqust 2026
img

Yəməndə husilərlə hökumət qüvvələri arasında yenidən artan qarşıdurma ölkədə genişmiqyaslı müharibənin qayıdacağı ilə bağlı qorxuları gücləndirib.

AFP xəbər verir ki, 2022-ci ildə əldə olunan atəşkəsdən sonra nisbi sakitlik yaşayan ölkədə son həftələr husilərin hökumətin nəzarətində olan ərazilərə hücumları vəziyyəti yenidən gərginləşdirib. Məxə limanı, Marib vilayətindəki hərbi düşərgələr və məcburi köçkünlərin yaşadığı ərazilər hücumlara məruz qalıb.

Məxə sakinləri AFP-yə bildiriblər ki, raket və dron hücumları insanlarda əvvəlki müharibə illərinin qorxusunu yenidən canlandırıb. Bəzi ailələr döyüşlərin genişlənəcəyi təqdirdə yenidən köç etməyə hazırlaşır. Artıq ölkədə müharibənin yenidən başlayacağı barədə xəbərlər yayılıb.

Husilər ötən ay Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası elan edib, Qırmızı dənizdə tankerlərə və Yəməndə hökumət qüvvələrinə hücumları artırıblar. Bu ay baş verən hücumlardan birində 58 hökumət hərbçisinin öldüyü, Maribdə yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində isə iki mülki şəxsin həyatını itirdiyi bildirilir.

Marib hazırda Yəməndə məcburi köçkünlərin böyük hissəsinin sığındığı əsas bölgələrdən biridir. Sakinlər döyüşlərin burada yenidən genişlənəcəyi halda gedəcək təhlükəsiz yerlərinin qalmadığını deyirlər.