Muğan zonasında heyvandarlıqla məşğul olan fermerlər xam yunun satışı ilə bağlı çətinliklə qarşılaşırlar.
Bu barədə “Report”un Muğan bürosuna yerli fermerlər bildiriblər.
Ölkənin cənub-şərqində yerləşən Muğan bölgəsi heyvandarlıq ənənələri ilə seçilir. Biləsuvar, Cəlilabad və İmişli rayonlarını əhatə edən bu bölgə iqlim və təbii şərait baxımından heyvandarlığın, özəlliklə də qoyunçuluğun inkişafı üçün əlverişli hesab olunur. Yüzilliklər boyu qoyunçuluq bu rayonlardakı kəndlilərin əsas məşğuliyyətlərindən biri olub. Qoyunlar ət, süd və yun məhsulları ilə ailələrin tələbatını ödəməklə yanaşı, əlavə gəlir mənbəyi də sayılıb.
Bununla belə, bu faydalı məşğuliyyətin özünəməxsus çətinlikləri də var. Onların ən əsası heyvandarlıq üzrə ixtisaslaşan fermerlərin əldə etdikləri xam yunu sata bilməmələridir.
Fermerlərin sözlərinə görə, hazırda qoyunların qırxım dövrüdür. Lakin qoyunlardan əldə olunan yunun bazar qiymətinin aşağı olması onların əziyyətini yerə vurur və gəlirini azaldır.
"Nə qırxılan yunu sata, nə də bir yerə təhvil verə bilirik. İnanın, məcburiyyətdən yunu zibilliyə atırıq. Bir qoyundan orta hesabla 2 kiloqram yun qırxılır. Bu yunu sata bilsək, maddi durumumuz xeyli yaxşılaşar. Yundan əldə etdiyimiz gəlirlə ən azı qoyunlar üçün yem ala bilərik”, – fermerlər qeyd ediblər.
Kənd təsərrüfatı üzrə mütəxəssis Mirsahib Zəkiyev mövzu ilə əlaqədar “Report”un yerli bürosuna açıqlamasında deyib ki, hazırki dövrdə sintetik materiallara təlabat artdığı üçün təbii yuna maraq xeyli azalıb:
“Bu problemin qismən aradan qaldırılması üçün bölgələrdə yun qəbulu üzrə qəbul məntəqələrin yaradılmasına ehtiyac var. Nəzərə alaq ki, Azərbaycanda qoyun qırxımından əldə olunan xam yunun 90 faizi yarımqaba növünə aiddir. Bu növ yun daha çox xalçaçılıq üçün münasib xammal hesab olunur. Ona görə də qəbul məntəqələrinin yaradılması yunun satışına dəstək olmaqla bərabər, xalçaçılığın inkişafına da təkan verə bilər”.