
Ukrayna ilin sonunadək Belçikadan 10 ədəd F-16, Fransadan isə iki ədəd Mirage 2000-5F qırıcısı alacaq.
APA xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi noyabrın 17-də Brüsseldə keçirilən Ukrayna Müdafiə Əlaqə Qrupunun 37-ci “Ramştayn” formatlı iclasının yekunları ilə bağlı məlumat yayıb.
Məlumata görə, Belçika 2026-cı ilin sonunadək Ukraynaya 10 F-16 qırıcısı verməyi planlaşdırır. Bundan əlavə, Belçika 2027-ci ildə Ukraynanın hərbi ehtiyaclarına 1 milyard avro ayırmaq niyyətindədir. Belçika, həmçinin, hava hücumundan müdafiə raketləri və F-16 təyyarələri üçün döyüş sursatı göndərəcək.
Fransa isə 2026-cı ilin sonunadək Ukraynaya iki Mirage 2000-5F qırıcısı, Thales GF300 ballistik raket əleyhinə radar sistemi, Mirage təyyarələri üçün döyüş sursatı və AASM Hammer 250 aviasiya bombaları tədarük etməyi planlaşdırır.
İclasda digər tərəfdaş ölkələr də Ukraynaya hərbi yardım paketlərini açıqlayıb. Danimarka hava hücumundan müdafiə üçün 200 milyon avro, eləcə də 645 milyon avroluq yeni müdafiə paketi ayırıb. Böyük Britaniya hava hücumundan müdafiə sistemləri üçün 240 milyon funt sterlinq, Norveç isə ümumilikdə təxminən 800 milyon dollar həcmində yardım paketi elan edib.