
Cənubi Koreya Prezident Administrasiyası Ukrayna Prezidenti Volodimir Zelenskinin Şimali Koreyadan olan iki hərbi əsirin Seula təhvil verildiyini ictimaiyyətə açıqlamasından “dərin təəssüf” keçirdiyini bildirib.
Bu barədə “Reuters” məlumat yayıb.
Cənubi Koreya tərəfinin iddiasına görə, Seul və Kiyev bu məlumatın açıqlanmaması barədə razılığa gəlmişdilər.
Zelenski BMT Baş Assambleyasında çıxışı zamanı Ukraynanın əsir götürdüyü iki Şimali Koreya hərbçisini Cənubi Koreyaya təhvil verdiyini bildirib. Sözügedən hərbçilərin Rusiya tərəfində Ukraynaya qarşı döyüşərkən əsir götürüldüyü və daha sonra Cənubi Koreyaya göndərildiyi qeyd olunub.
Cənubi Koreya Prezidentinin ictimaiyyətlə əlaqələr üzrə baş katibi Son Gi Hon Ukrayna tərəfinin sonradan “məlumatın açıqlanmaması ilə bağlı razılaşmanın mövcud olmadığına” dair açıqlamasından da “dərin təəssüf” keçirdiyini bildirib. Cənubi Koreya rəsmisi bu açıqlamanın həqiqətə uyğun olmadığını iddia edib.