• 26 °C
|

Fitso Slovakiya hərbçilərinin Rusiya ilə müharibəyə göndərilməyəcəyini bildirib

20 Sentyabr 2026
img

Slovakiyanın Baş naziri Robert Fitso onun hökuməti hakimiyyətdə olduğu müddətdə ölkə hərbçilərinin Rusiya ilə döyüşmək üçün xaricə göndərilməyəcəyini bildirib.

APA xəbər verir ki, Fitso bunu vətəndaşlara videomüraciətində deyib. O, bundan əvvəl NATO ilə Rusiya arasında genişmiqyaslı münaqişə üçün bəhanə axtarıldığını düşündüyünü bildirmişdi.

“Əgər kimsə öz milli maraqlarını təmin etmək üçün NATO ilə Rusiya arasında hərbi münaqişə yaratmaq istəyirsə, belə bir addıma görə məsuliyyəti özü daşımalıdır və bunu NATO-nun digər üzv dövlətlərinin üzərinə atmamalıdır”, – Slovakiyanın Baş naziri bildirib.

Fitso qeyd edib ki, müharibənin başlanması üçün bəhanə yaratmaq çətin deyil, lakin real silahlı hücumla digər halları bir-birindən fərqləndirmək lazımdır.

“Mənim hökumətim hakimiyyətdə olduğu müddətdə heç kim uydurma bəhanə əsasında Slovakiya hərbçilərini Rusiya və ya hər hansı başqa ölkə ilə döyüşmək üçün Slovakiyanın hüdudlarından kənara göndərməyəcək”, – o əlavə edib.