
Fransada yaşayış xərclərinin artmasına və dövlət xidmətlərinin vəziyyətinə qarşı keçirilən kütləvi etiraz aksiyaları zamanı 1200 nəfər saxlanılıb.
APA “Sky News”ə istinadən xəbər verir ki, bu barədə Fransanın Baş naziri Sebastyen Lekornü məlumat verib.
Ölkənin daxili işlər naziri Loran Nunezin sözlərinə görə, Fransa ərazisində 110 etiraz yürüşü təşkil olunub. Aksiyalarda ümumilikdə 550 min nəfər iştirak edib.
Paytaxt Parisdə etirazçılarla polis arasında qarşıdurmalar baş verib. Nümayişçilər mağazalara və polis avtomobillərinə ziyan vurublar. Polis etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan və su şırnaqlarından istifadə edib.
Lion şəhərində turizm ofisinin binasında, Limojda isə şəhər meriyasının tarixi binasında yanğın baş verib.
Fransa Prezidenti Emmanuel Makron zorakılığı pisləyərək dinc etirazların keçirilməsinə mane olunmamalı olduğunu bildirib.
Baş nazir Lekornü isə hökumətin zorakılıq qarşısında geri çəkilməyəcəyini vurğulayıb.
Qeyd edək ki, tələbələrin təhsil sahəsində planlaşdırılan ixtisarlara qarşı başladığı etirazlara sonradan həmkarlar ittifaqları, fermerlər və digər ictimai qruplar da qoşulublar.