
“Grand Theft Auto VI” (GTA VI) videooyununun satışa çıxarılması Böyük Britaniya şirkətlərinə təxminən 12 milyon funt sterlinq (16 milyon dollar) məbləğində xərc yarada bilər.
“The Sun” qəzetinin yazdığına görə, noyabrın 19-na planlaşdırılan oyunun çıxışı ilə əlaqədar on minlərlə əməkdaş məzuniyyət götürməyə başlayıb.
“BrightHR” şirkətinin məlumatına əsasən, noyabr və dekabr ayları ərzində GTA VI ilə əlaqədar ümumilikdə 83 min məzuniyyət günü üçün müraciət qeydə alınıb.
Hesablamalara görə, bunun Britaniya işəgötürənlərinə ümumi xərci 12,4 milyon funt sterlinqə çata bilər. Təkcə oyunun satışa çıxarılacağı gün üçün bu göstərici 3,14 milyon funt sterlinq qiymətləndirilir.
Bildirilir ki, bəzi oyun həvəskarları rəhbərlikdən məzuniyyət ala bilməyəcəkləri təqdirdə işdən çıxmaqla belə hədələyiblər.
Qeyd edək ki, “Rockstar Games” tərəfindən hazırlanan GTA VI əvvəlcə yalnız “PlayStation 5” və “Xbox Series X/S” platformalarında əlçatan olacaq.