
İlk Avropa İttifaqı-Ermənistan sammiti 4-5 May tarixlərində keçiriləcək.
APA xəbər verir ki, bu barədə Aİ Şurasının prezidenti Antonio Koşta “X” hesabında paylaşım edib.
O, Ermənistanı “yaxın tərəfdaş” adlandırıb və Aİ-nin bu ölkə ilə əlaqələri gücləndirmək üçün can atdığını bildirib.
“Bizi müştərək dəyərlər, eləcə də beynəlxalq hüquqa və qaydalara əsaslanan nizama sədaqətimiz birləşdirir”, –Koşta qeyd edib.
Sammitdən əvvəl Antonio Koşta və Avropa Komissiyasının prezidenti Ursula von der Leyen Yerevanda keçiriləcək Avropa Siyasi İctimaiyyəti iclasında iştirak edəcəklər.
Aİ-Ermənistan sammitində xüsusilə enerji, nəqliyyat və rəqəmsal sahələrdə ikitərəfli əlaqələrin gücləndirilməsi, habelə regionda sülhün irəli aparılması, təhlükəsizlik, konnektivlik, qlobal çağırışlar, o cümlədən Yaxın Şərqdə və Ukraynada gedən proseslər müzakirə olunacaq.