
“Radikalizm şəraitində heç bir ölkədə sağlam demokratik sistem ola bilməz. Radikalizmə son qoyulması ölkədə həqiqi, sağlam və tam demokratik sistemin qurulması prosesinin başlanğıcı olacaq”.
APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze “İmedi” telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, Gürcüstanda radikalizmə görə tam sağlam demokratik sistemin yaradılması mümkün olmayıb.
“Radikalizmi xarici qüvvələrin əmrləri əsasında müəyyən siyasi qüvvələr yaradırlar. Onlar ölkə hüdudlarından kənarda olan öz liderləri ilə iş aparırlar və vəzifələri Gürcüstan daxilində radikalizmi alovlandırmaqdan ibarətdir. Radikal qüvvələr həmçinin dezinformasiyalar yaymaqla Gürcüstanın Avropa strukturları ilə münasibətlərinin pozulması üçün əllərindən gələni edirlər”, – Kobaxidze söyləyib.
Baş nazir bildirib ki, üç müxalif partiyanın fəaliyyətinin qadağan edilməsini nəzərdə tutan iddia demokratik sistemin qurulması prosesinin başlanğıcıdır.
Qeyd edək ki, konstitusiya iddiasında Vahid Milli Hərəkat Partiyası, “Dəyişikliklər naminə” koalisiya və “Lelo – Güclü Gürcüstan” partiyasının fəaliyyətinin qadağan edilməsi tələbi yer alıb. Hakimiyyət müxalif partiyaların ləğvini ölkədə siyasi mühitin sağlamlaşdırılması üçün zəruri hesab edir.