
Fransa Prezidenti Emmanuel Makron ABŞ Prezidenti Donald Trampla Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi və raket-tutucuların tədarükünün sürətləndirilməsi imkanlarını müzakirə edib.
"Reuters"in məlumatına görə, Makron bunu Nyu-Yorkda Tramp ilə görüşündən sonra jurnalistlərə açıqlamasında bildirib.
“Ukrayna və Rusiya ilə bağlı uzun müzakirəmiz oldu. Ukraynalı dostlarımıza raket-tutucular məsələsində daha sürətli və daha güclü yardım göstərilməsinin zəruriliyini müzakirə etdik. Çünki müdafiə baxımından əsas məsələ budur”, – Fransa Prezidenti deyib.
Makron danışıqların “çox yaxşı” və “çox konstruktiv” keçdiyini bildirib. Tərəflər Ukraynanın enerji sisteminin müdafiəsini, eləcə də enerji obyektlərinə qarşı zərbələrin dayandırılması təşəbbüsünü də müzakirə ediblər.