• 20 °C
|

Polşa ABŞ-ın hərbi bazasının tikintisinə 3,8 milyard dollar ayırmağı planlaşdırır

23 Oktyabr 2026
img

Polşa öz ərazisində ABŞ-ın daimi hərbi bazasının yaradılmasına təxminən 15 milyard zloti (3,8 milyard dollar) sərmayə qoymağı planlaşdırır.

Bu barədə Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış “WNP.pl” portalına müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, ölkə Amerika hərbçilərinin daimi yerləşdirilməsi üçün zəruri əraziləri müəyyənləşdirib və infrastrukturun qurulmasına hazırdır.

“Biz hazırıq, müvafiq ərazilər müəyyən edilib. İnfrastrukturun tikintisinə və maliyyələşmənin cəlb olunmasına hazırıq. Bu, böyük, lakin çox sərfəli investisiyadır. Söhbət təxminən 15 milyard zlotidən gedir”, – deyə nazir vurğulayıb.

Kosinyak-Kamış bildirib ki, bazada 5 min amerikalı hərbçinin, onların ailə üzvlərinin və mülki personalın daimi yerləşməsi nəzərdə tutulur. Ümumilikdə təxminən 25 min nəfərin yaşayışı üçün mənzillər və digər infrastruktur obyektləri inşa edilməlidir.

Nazir qeyd edib ki, Polşa hazırda ABŞ-ın yekun qərarını gözləyir. Müvafiq sənədlərin noyabrda Pentaqona göndərilməsi, Ağ Evin qərarının isə dekabrda açıqlanması gözlənilir.