
Ukrayna Ordusu Liman şəhərinin şimalında Rusiya qoşunlarını sıxışdırıb, irəliləyişin qarşısını alıb.
APA xəbər verir ki, bu barədə Müharibə Araşdırmaları İnstitutunun (ISW) yeni hesabatında bildirilir.
Bu, Rusiya komandanlığının Slovyansk-Kramatorsk aqlomerasiyasının şimaldan və cənub-qərbdən mühasirəyə alınması ilə bağlı planlarını tamamilə pozub. Son aylarda Ukrayna qüvvələri Rusiya Ordusunu Jerebets çayına qədər geri oturtmağa nail olublar.
Liman istiqamətində Ukrayna Müdafiə Qüvvələri əks-hücumlarını davam etdirir. Eyni zamanda, Rusiyanın əsas məqsədi dəyişməz olaraq qalır – Limanı ələ keçirmək və Donbasdakı böyük Ukrayna müdafiə kəməri ərazisində yerləşən Ukrayna mövqelərinin genişmiqyaslı mühasirəyə alınması üçün şərait yaratmaq.
Rusiya qüvvələri Donbasda yavaş-yavaş irəliləməyə davam edir, Ukrayna hərbçiləri isə regionun sonuncu iri müdafiə xətlərinin uğrunda ağır döyüşlərə hazırlaşırlar.
Avropanın aparıcı kəşfiyyat xidmətlərindən birinin nümayəndələrinin qiymətləndirməsinə görə, Rusiya qüvvələri 2027-ci ilin əvvəlində Kramatorsk və Slovyanskin kənarlarına çata bilər. Bu şəhərlər Donbasda Ukraynanın sonuncu böyük müdafiə kəmərinin mərkəzini təşkil edir. Lakin belə bir kampaniya Rusiya ordusuna böyük itkilər bahasına başa gələcək.