
Rusiya ordusu gecə saatlarında Sumı şəhərinə idarəolunan aviasiya bombaları (KAB) ilə zərbələr endirib.
Bu barədə "RBK-Ukrayna" Sumı Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Qriqorov və Sumı Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Krivoşeenkoya istinadən məlumat yayıb.
Məlumata görə, şəhərin mülki infrastrukturuna dörd aviasiya bombası düşüb. Zərbələr nəticəsində çoxmərtəbəli yaşayış binaları, qeyri-yaşayış obyektləri və infrastruktur zədələnib, yüzlərlə pəncərə sınıb.
Krivoşeenko bildirib ki, zərbələr Kovpakovski rayonunda yerləşən ticarət mərkəzi və digər mülki obyektlərə yönəlib. Hadisə nəticəsində mağazalara da ziyan dəyib.
İlkin məlumata əsasən, hücum nəticəsində azı iki nəfər xəsarət alıb. Yaralılara tibbi yardım göstərilir.
Hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.