• 27 °C
|

Rusiya Ukraynanı vurub, Kiyev Moskva bölgəsinə yüzlərlə PUA göndərib – SON XƏBƏRLƏR

16 Avqust 2026
img

Rusiya və Ukrayna qarşılıqlı olaraq gecə saatlarından bəri genişmiqyaslı hava hücumları həyata keçirib.

Reuters-in məlumatına görə, Rusiya Ukraynanın Krivoy Roq şəhərində yerləşən ən böyük polad zavodunu vurub. Hücum nəticəsində azı 2 nəfər ölüb, 14 nəfər yaralanıb. Zavoda ciddi ziyan dəyib, istehsal qismən dayanıb.

Kiyevə raket hücumu nəticəsində şəhərin bir neçə rayonunda yanğın baş verib, 3 nəfər yaralanıb. Kiyev vilayətində PUA hücumları zamanı isə biri uşaq olmaqla daha 3 nəfər xəsarət alıb.

Eyni vaxtda Ukrayna Moskva vilayətinə genişmiqyaslı PUA hücumu həyata keçirib. Rusiya tərəfi ölkə üzrə 822 Ukrayna dronunun vurulduğunu açıqlayıb.

Moskva vilayətində hücum nəticəsində ölənlər olub, bir neçə nəfər yaralanıb. Koledino ərazisində müdafiə sənayesinə aid şirkətə məxsus böyük anbar da PUA zərbəsindən sonra yanıb.

Ukrayna ordusu Rostov vilayətində raket yanacağı istehsal edən obyektə də zərbə endirdiyini bildirib.

Bundan əlavə, Rumıniya hava məkanına daxil olan PUA NATO missiyasına cəlb edilmiş F-18 qırıcısı tərəfindən vurulub. NATO nümayəndəsi dronun Rusiya mənşəli ola biləcəyini bildirib.